Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sarsılmaz qardaşlıq fəlsəfəsi dərin tarixi və mədəni köklərə əsaslanır

Sarsılmaz qardaşlıq fəlsəfəsi dərin tarixi və mədəni köklərə əsaslanır



Azərbaycan və Özbəkistanın qardaşlıq fəlsəfəsi təkcə siyasi bəyanatlarla bitmir, o, həm də real və qalıcı layihələrlə şəhərlərimizin simasında canlanır. Özbəkistan xalqının qardaşlıq töhfəsi olaraq işğaldan azad edilmiş Füzuli şəhərində tikdirdiyi Mirzə Uluqbəy adına məktəb bu sarsılmaz bağın ən gözəl rəmzlərindən biridir. Cari səfər zamanı "Yeni Daşkənd" ərazisində Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının dövlət başçıları tərəfindən açılması və universitetin həyətində ağac əkilməsi bu mənəvi birliyin gələcək nəsillərə ötürülən növbəti nişanəsidir. Bu addımlar göstərir ki, Azərbaycan və Özbəkistanın qardaşlığı ortaq keçmişə sadiq qalaraq gələcəyi də birlikdə inşa edir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu gün Özbəkistana reallaşan rəsmi dövlət səfəri iki qardaş ölkənin çoxəsrlik münasibətlərində yeni bir epoxanın təməlini qoymuşdur.
Yüksək səviyyəli diplomatik rituallarla müşayiət olunan bu səfər çərçivəsində Daşkənddə həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşlər keçirilmiş, Ali Dövlətlərarası Şuranın üçüncü iclası baş tutmuşdur. Danışıqların kulminasiya nöqtəsi olaraq iki ölkə arasında strateji tərəfdaşlığı ən yüksək müttəfiqlik səviyyəsinə ucaldan "Əbədi dostluq haqqında Müqavilə" imzalanmış, həmçinin "Yeni Daşkənd" ərazisində Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının rəsmi açılışı reallaşmışdır. İqtisadi müstəvidə isə ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması hədəfi ilə hər iki dövlətin regional gücünü birləşdirən nəhəng investisiya platformalarının konturları cızılmışdır.
Səfərin ən ali mənəvi və rəsmi zirvəsi məhz dövlət başçılarının bir-birini öz ölkələrinin ən yüksək dövlət mükafatları ilə təltif etməsi mərasimi olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni, Prezident cənab Şavkat Mirziyoyevin isə Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeni ilə mükafatlandırılması sadəcə rəsmi bir protokol qaydası deyil, eyni kökdən boy atan iki xalqın dövlətçilik səviyyəsində sarsılmaz tale birliyidir. Bu ordenlər zamanın bütün çətin sınaqlarından keçmiş tarixi sədaqətin, Füzulidə ucalan qardaşlıq məktəbindən Daşkənddə əkilən ağaclara qədər uzanan əbədi sədaqətin rəsmi möhrüdür.
Liderlərimizin köksünü bəzəyən bu ali rəmzlər, əslində, milyonlarla azərbaycanlı və özbəyin ürəyindəki tükənməz sevgi, etiram və sarsılmaz qardaşlıq andının dövlət rəhbərləri səviyyəsində dünyaya qətiyyətli bir bəyanıdır.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini
Xəbəri paylaş