Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətənə sevgimiz mənəvi borcumuzun andıdır

Vətənə sevgimiz mənəvi borcumuzun andıdır


Həmişə Laçın adı çəkiləndə dahi şairimiz Səməd Vurğunun “Vaqif” pyesindən bir misranı xatırlamışam: “Tərlan oylağında sar ola bilməz!”. Laçın-tərlan səsləşməsi də həmişə mənə gözəl könül xoşluğu verib. Bu könül xoşluğunun işığında mən də əmin olmuşam ki, sar (düşmən) tərlan oylağında (bu anlamda Laçında) qala bilməyəcək. Bu əminliyi mənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici və daxili siyasəti verirdi, Azərbaycanda ordu quruculuğunun dönməz inkişafının səviyyəsi verirdi, Azərbaycan əsgərinin yüksək döyüş və mənəvi-psixoloji hazırlığı verirdi.

Bilirdim ki, Laçın rayonuna 1 şəhər, 1 qəsəbə, 125 kənd daxildir. Laçın Birinci Qarabağ müharibəsində, 1992-ci il mayın 18-də işğal edilmişdi. İşğala kimi döyüşlərdə 300-dən çox hərbi qulluqçu və mülki vətəndaş həlak olmuşdu. Laçın döyüşürdü, Laçın Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını alırdı. Hərbçilərlə bir sırada əhali də döyüşürdü. Mövcud siyasi vəziyyət müqavimət döyüşlərinə pərsəng olurdu, müdafiənin düzgün təşkilinə imkan vermirdi.

Ermənistan Şuşanı işğal etməklə Laçını işğal etməyə hərbi zəmin yaratdı, Laçını işğal etməklə Qarabağın dağlıq hissəsinin Ermənistanla birbaşa coğrafi əlaqəsinin yaradılmasını təmin etdi. Bu, sonrakı işğallara şərait yaratdı.
Laçının işğalı Ermənistanın işğalçı dövlət olduğunu da təsdiqlədi, dünyəvi dövlətçiliyə əməl etməyən bir dövlət olduğunu da: rayonun ərazisində coğrafi adlar dəyişdirildi, təbii resurslar talan edilməyə, xaricdən gətirilən ermənilər məskunlaşdırılmağa başladı...

Ermənistan silahlı birləşmələri yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə hücumlarını davam etdirirdi. 2020-ci il sentyabrın 27-də belə bir hücumun qarşısını qətiyyətlə alan Azərbaycan Ordusunun hissələri Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi, mahiyyəti baxımından Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusunun hissələri düşmənin çox ciddi səylə yaratdığı, möhkəmləndirdiyi müdafiə sədlərini darmadağın edərək irəlilədi, döyüşə-döyüşə qələbələr qazandı. Noyabrın 8-də Şuşa döyüşlə işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bəyanatın şərtlərinə görə Laçın rayonu dekabrın 1-də Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü; Azərbaycan Ordusu bir daha təsdiqlədi ki, “Tərlan oylağında sar ola bilməz!”...

2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusu ərazi bütövlüyünü tam bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçının işğaldan azad edilməsi ilə əlaqədar qürurla demişdi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Azərbaycan ordusunun tarixi Zəfəri Dağlıq Qarabağda başlayan quruculuq işlərinin başlanğıcı idi. Bu başlanğıc da böyük Zəfərlə başa çatacaq. Bu inam dönməz inamdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş rayonlar üzrə şəhər günləri təsis edilib. Avqustun 26-sı Laçın şəhəri günüdür...

Laçın da yenidən qurulur, inkişafdadı...

Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. Laçın rayonunda 2021-ci ildə generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılmış 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub.
Kəlbəcər-Laçın avtomobil yolu yenidən çəkilir. Əvvəlki yoldan xeyli qısa olacaq bu yolun üzərində 17 tunel yaradılır, 23 körpü də inşa edilir.

Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli  Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Laçın şəhərində yeni yaşayış məhəlləsi də inşa ediləcək.
2026-cı il iyulun 11-də Laçında “Həkəri çay” su anbarının təməli qoyulub. Layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi 90 milyon kubmetr olan su anbarı yaradılacaq, su buraxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.

Laçına köç on illərin həsrətinin sıxıntılarını üstələdi. Əhali bu köçü ömrün yurda qayıdışı adlandırır.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə işğaldan azad edilmiş Laçında səfərdə olub. Hər səfər Laçının yenidən qurulmasında bir mərhələ olub...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş dövlətlərin başçıları ilə həm də Laçında görüşməsi də Laçının yeni tarixi kimi xatırlanacaq...

26 avqust Laçın şəhəri günüdür. Bu günün mahiyyəti hər bir Azərbaycanlının Vətən sevgisinin zərrəsidir. Hər birimiz bu zərrə-sevgimizi Laçın gününün timsalında Vətənə mənəvi borcumuzun andı kimi yaşayırıq...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş