
"Məlum olduğu kimi, Cənubi Qafqazda otuz ilə yaxın davam edən hərbi-siyasi gərginlik Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi ilə tamamilə yeni bir mərhələyə qədəm qoydu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında əldə etdiyimiz hərbi qələbədən sonra ölkəmiz regional geopolitikanın qaydalarını yenidən yazaraq diplomatik müstəvidə də tam üstünlük əldə etdi".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Tural İsmayılov deyib. O bildirib ki, bu gün regionun gələcək mənzərəsini artıq kənar güclərin saxta iddiaları deyil, birbaşa Azərbaycanın formalaşdırdığı hüquqi reallıqlar müəyyən edir:
"Azad edilmiş ərazilərin sürətlə yenidən qurulması, infrastrukturun bərpası və müasir şəhərsalma layihələri bu torpaqların əbədi sahibinə qovuşduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Beynəlxalq birliyin bu dinamikaya reaksiyası isə Ermənistanın illər boyu qurduğu saxta təbliğat tezislərinin sonunu gətirir. Dünyanın qabaqcıl dövlətlərini təmsil edən diplomatların Qarabağın hər bir guşəsinə etdiyi ardıcıl səfərlər məhz bu tarixi qəbullanmanın ən bariz göstəricisidir".
Hakim partiya təmsilçisinin sözlərinə görə, xarici diplomatların Qarabağ səfəri və buna qarşı göstərilən erməni revanşizmi sübut edir ki, Cənubi Qafqazda yeni epoxa artıq sadəcə hərbi yolla deyil, həm də vizual və diplomatik dillə rəsmiləşib:
"Ermənistanın status-kvo xəyalları və revanşist çağırışları regional reallığın divarlarına çırpılaraq yox olur. Coğrafiya dəyişməzdir, güclü və qalib olan, eyni zamanda ədalətli olan Azərbaycandır.
İndi Ermənistanın qarşısında yalnız iki yol var: ya bu inkaredilməz coğrafi və diplomatik reallığı qəbul edib sülh masasına oturmaq, ya da tarixin və reallığın hüdudlarının küncündə öz isterikası ilə baş-başa qalmaq".
Tural İsmayılov hesab edir ki, birinci yol, Ermənistan xalqının və dövlətinin rifahına müsbət təsir edəcək ən doğru seçimdir və nə qədər ki, gec deyil, onlar bu yolu seçəcək.
Anar












































