Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın təbii sərvətləri uzunmüddətli inkişafın mühüm resursu kimi nəzərdən keçirilir

Azərbaycanın təbii sərvətləri uzunmüddətli inkişafın mühüm resursu kimi nəzərdən keçirilir


Cənab Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də keçirilən “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkəmizin qarşıdakı illər üçün iqtisadi və sənaye siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirdi.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı ölkəmizin zəngin təbii resurslarından səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişafı və yeni, müasir sənaye sahələrinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Proqramın əsas hədəflərindən biri filiz hasilatından başlayaraq zənginləşdirmə, emal və son məhsul istehsalına qədər tam istehsal zəncirinin yaradılmasıdır. Bu yanaşma ölkə daxilində əlavə dəyərin artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və beş mindən çox yeni daimi iş yerinin yaradılmasına şərait yaradacaq.
Bu proses Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış strategiyası baxımından da xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə mövcud mineral resursların iqtisadi dövriyyəyə cəlb edilməsi həmin ərazilərin həm də müasir sənaye və iqtisadi inkişaf mərkəzlərinə çevrilməsinə töhfə verəcək.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndirilməsi Azərbaycanın mineral resurslarının daha dərindən öyrənilməsi baxımından yeni imkanlar yaradacaq. Müasir texnologiyaların tətbiqi əvvəllər tam tədqiq edilməmiş yataqların müəyyənləşdirilməsinə və ölkəmizin gələcək sənaye inkişafı üçün yeni resurs bazasının formalaşdırılmasına şərait yaradacaq.
Dövlət Proqramında metallurgiya sənayesinin inkişafına da xüsusi yer ayrılması ölkəmizin sənaye potensialının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılması ilə bağlı hədəf bu istiqamətdə qarşıya qoyulan mühüm vəzifələrdəndir. Metallurgiya sənayesinin inkişafı Azərbaycanın idxaldan asılılığının azaldılması, yerli istehsalın genişləndirilməsi, ixrac imkanlarının artırılması və yeni texnoloji sahələrin formalaşdırılması baxımından əlavə imkanlar yaradacaq. Bu prosesdə həm dövlət müəssisələrinin, həm yerli sahibkarların, həm də xarici investorların iştirakı üçün imkanların yaradılması mühüm əhəmiyyət daşıyır. Azərbaycanın investisiya mühiti və həyata keçirilən sənaye siyasəti ölkəmizi bu sahədə yeni layihələr üçün cəlbedici tərəfdaşa çevirir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycanın təbii sərvətləri uzunmüddətli inkişafın mühüm resursu kimi nəzərdən keçirilir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı nəticəsində yeni istehsal sahələrinin yaradılması, minlərlə insanın daimi işlə təmin olunması, regionların iqtisadi fəallığının yüksəldilməsi, ixrac potensialının genişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması gözlənilir. Ən mühüm məqamlardan biri isə bu prosesin qeyri-neft sektorunun inkişafına yeni impuls verməsidir. Azərbaycan iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi baxımından qeyri-neft sənayesinin inkişafı strateji əhəmiyyət daşıyır.
Hesab edirəm ki, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın zəngin təbii ehtiyatlarının müasir texnologiyalar əsasında və milli iqtisadi maraqlar nəzərə alınmaqla istifadəsinə, yeni sənaye dəyər zəncirlərinin yaradılmasına və ölkəmizin iqtisadi potensialının daha da gücləndirilməsinə mühüm töhfə verəcək

Fatma Yıldırım
Xəbəri paylaş