Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar

Qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar


Cari il sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin sədrliyi ilə ölkənin dağ-mədən və metallurgiya sənayesinin inkişaf perspektivlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın əsas istiqamətləri, qarşıda duran vəzifələr və bu sahənin gələcək inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Müşavirədə çıxış edən ölkə başçısı bu sahənin ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını və çox perspektivli bir sahə olduğunu diqqətə çatdırmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, son 20 il ərzində həyata keçirilən genişmiqyaslı layihələr və məqsədyönlü tədbirlər Azərbaycanın əsas infrastruktur imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və ölkənin iqtisadi potensialının möhkəmlənməsinə mühüm zəmin yaradıb. Bildirilib ki, əvvəllər enerji təminatında xarici mənbələrdən asılılıq mövcud olduğu halda, bu gün Azərbaycan öz enerji ehtiyaclarını böyük ölçüdə daxili imkanları hesabına təmin etməklə yanaşı, enerji resurslarını xarici bazarlara da çıxarır.
Həmçinin ölkə başçısı onuda qeyd etmişdir ki, bu gün ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı.
Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Proqramın icrası dağ-mədən və metallurgiya sənayesinin inkişafına, mövcud potensialdan daha səmərəli istifadə olunmasına və yeni istehsal sahələrinin yaradılmasına şərait formalaşdıracaq. Bununla yanaşı, bu istiqamətdə həyata keçiriləcək tədbirlər iqtisadiyyatın şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına və ölkənin sənaye potensialının daha da gücləndirilməsinə töhfə verəcəkdir.

Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş