Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövləti, dövlətçiliyi inkişaf etdirmək İlham Əliyevin siyasi strategiyasıdır

Dövləti, dövlətçiliyi inkişaf etdirmək İlham Əliyevin siyasi strategiyasıdır


Hər gün dünyada, demək olar ki, yeni siyasi hadisələr baş verir. Bu hadisələr dünyada yeni baxışlar, yeni nəzər nöqtələri yaradır. Lakin mən bu hadisələrin təsadüfi olmağına heç vaxt inanmaram. Tam əminliklə deyə bilərəm ki, bütün bunlar zərurətdən əmələ gəlib. Çünki biz bilirik ki, yeni dünya düzənini yaradanlar, bu süni axarı təbii axar kimi təqdim edib, bütün bəşəriyyəti inandıranlar və prosesin mahiyyətini qəbul etdirənlərdir. Bu gücləri xəfifə almaq tamamilə yanlışdır. Çünki müasir dövrün tələblərinə uyğun zamanı yetişdirən güclər – həmin beyin mərkəzidir. Bəli, bu beyin mərkəzinin taktiki gedişlərini anlayıb doğru qərarlar vermək mürəkkəb olsa da, mümkündür.

Bu mümkünlüyü biz öz siyasi xəttimizdə və diplomatik uğurlarımızda görmüşük. Lakin bəzi siyasi manikenlər qərarsız, asılı, siyasət oyuncağı və əmr qulu rolunu oynayan siyasi kölgələr bunu anlamırlar. Onlar idarə olunan fiqur kimi hərəkət edərək daxili siyasəti guya nəzarət altında saxlamaq istəyirlər.

Biz vətəndaşlar, millət olaraq illər ərzində bu siyasi manqurtlara öz yerini göstərmişik, amma yenə də onlar nəyəsə ümidlidirlər. Əmrləri verənlər onlara paralel olaraq utopik ümid də verib ki, bu dəyişikliklərdən ölkəniz zərbə alacaq və onlar bu zərbədən istifadə edə biləcəklər. Ulduzlara üzlərini tutub mənasız danışırlar, amma bu mənasız siyasətçilər hətta ulduzları belə rahat buraxmırlar. Dəyərli soydaşlarım! Yəqin bilirsiniz ki, bu mənasız siyasi peşə sahibləri həm dövlət, həm cəmiyyət, ümumilikdə isə bəşəriyyət üçün təhlükə doğuran karyeristlərdir.

Bizim cəmiyyətdə isə karyeralarının süqutunu bilə-bilə danışdıranlar tərəfindən danışdırılan siyasilər mövcuddur. Bu tip siyasətçilər qərar verən yox, qərara tabe olan şəxslər sayılır.

Bu gün biz obyektiv olaraq dövlətimizin nüfuzuna xələl gətirən hansısa addımları görüb, onlar haqqında mövqe ortaya qoya bilirik. Bütün internet və YouTube kanalları cəmiyyətdə baş verən neqativ hadisələri dərhal işıqlandıra bilir. Eyni zamanda, fəaliyyət göstərən bəzi televiziyaların verilişləri də bu neqativləri müasir texnologiyanın imkanları ilə işıqlandırır və mənfi fəsadları geniş auditoriyaya çatdırır.

Bu gün siyasi biliklərə malik insanlar istənilən vaxt internet kanallarında öz narazılıqlarını ifadə edə, yaxud müvafiq qurumlara çatdıra bilirlər.

Dili olub, sözü olmayanlar ancaq dövlətimizi nüfuzdan salan addımlar və xalqımıza xəyanət edən tapşırıqlarla hərəkət edirlər. Külək hardan əsirsə, ora yönələn günəş batdığı kimi yox olan vərdişlərindən əl çəkə bilmirlər.

Azərbaycanımızı qorumaq, ölkəmizi mütləq inkişaf etdirmək və xalqımızı dəyərlərinə hörmət və ehtiram siyasəti ilə irəli aparmaq üçün illərdir yürüdülən siyasi yol qabağımızdadır. Biz artıq o yola çıxmışıq. Bu yol, bu dövlətin, bu millətin gələcəyə aparan ən uğurlu və etibarlı yoludur.

İnanın, o yoldan çıxanlar – başqasının dilinə baxan mənasız siyasətçilər – xalqın halına heç vaxt baxa bilməzlər.

Amma xalqın halına baxmaq, dövləti, dövlətçiliyi və keçmişi düzgün dəyərləndirib gələcəyə böyük ümid, inam və inkişaf – İlham Əliyevin siyasi strategiyasıdır. Bu illər ərzində xalq bu strategiyaya etimad göstərmişdir.

Sizin kim olduğunuzu isə xalq artıq çoxdan hiss edib. Sadəcə, ümumi dəyərlərimiz hələ də sizin mənasız siyasətçilər kimi danışmağınıza imkan verir. Nə vaxta qədər? Bunu müdrik xalqımız özü bilir.

Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Xəbəri paylaş