
27 sentyabr 2020-ci il tarixində Azərbaycanın qəhrəmanlıq salnaməsində yeni səhifə açıldı. Bu tarixi zəfərin başlanğıcı olan səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı sayəsində açıldı. 27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına başladı. Onlar Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək və düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq, şanlı zəfər qazanmaq üçün döyüşə başladılar. Bu tarixi ədalət zəfərinin əldə olunmasının bütün mərhələlərində Ali Baş Komandan İlham Əliyev onların yanında idi. 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycanın qəhrəman oğullarının qazandıqları qələbələr Azərbaycan xalqının sevincinə, coşqusuna səbəb olurdu və düşmən üzərində qazanılan hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırırdı.
Bu birlik tələb edən günlərdə bütün Azərbaycan xalqı öz rəhbəri ətrafında sıx birləşdi və minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı, dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına ağır zərbə vurmağa nail oldu. İgid, mərd, qorxmaz Azərbaycan əsgəri düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvələrini darmadağın edərək, işğal altında olan kəndləri, strateji yüksəklikləri düşməndən xilas etdilər. 27 sentyabr 2020-ci il tarixində başlayan savaş nəticəsində Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 günlük müharibə ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu və üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda dalğalanmağa başladı.
27 sentyabr 2020-ci il tarixində başlayan savaşın nəticəsində Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə son qoyan şəxs kimi adını dünya tarixinə yazdı və 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyuldu. Ordumuzun düşmənə endirdiyi “dəmir yumruq” sayəsində 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular, xalqımız möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi yaşadı. Bütün bunlar Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına baş verdi. 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti və qəhrəmanlığı ilə şanlı tarix yazmağa nail oldular. Canlarını Vətənə sipər edən, qanlarını qurban verən igidlərin sayəsində Azərbaycan bayrağı Qarabağ zirvələrində dalğalanmağa başladı.
Azərbaycan xalqı igidlərimizə böyük fəxr, qürur, minnətdarlıq duyğusu bəsləyirdi. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbə Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Azərbaycan Ordusunun hərbi qüdrətinin göstəricisi olan 44 günlük müharibə Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu 44 günlük savaş Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu, Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini bütün dünya ölkələrinə sübut etdi. 44 günlük savaş Azərbaycanın necə güclü dövlət, Azərbaycan xalqının necə əzmli xalq olmasını bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsi zamanı xalqımız Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirdilər və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpası naminə Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri birləşib, bir yumruğa çevrildilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşən Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə mənsub olan vətəndaşları İkinci Qarabağ müharibəsində Azərbaycanın qürur tarixinin yazılmasında çox böyük xidmətlər göstərdilər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş yüzlərlə Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə mənsub olan əsgər və zabitlərimiz hər bir zaman fəxrimizdir. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək mərdlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş silahlı qüvvələrin hərbi qulluqçularının hər biri ilə fərx edir. Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı şücaət göstərmiş igidlər yeni təsis olunmuş – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi müxtəlif orden və medallarla təltif olunmuşlar.
44 günlük Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə son qoyaraq, erməni təcavüzünü qəhrəmancasına dəf etdi və bütün dünyaya xalqımızın qələbə əzmini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun hər bir fərdi vətən uğrunda fəda olmaq və düşmənə sarsıdıcı zərbə vurmaq gücündə və qüdrətində idi. Vətən müharibəsinin qəhrəmanları öz ordusu, öz xalqı, öz milli mənliyi uğrunda qəhrəmancasına vuruşaraq, xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətləri qoruyaraq gələcək nəsillərə ötürməyə nail oldular.
Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində otuz il bundan əvvəl ayaqyalın evindən, doğma yurd-yuvasından didərgin salınan insanlar öz ata-baba torpaqlarına qovuşdular. Qorxmaz, cəsur Azərbaycan əsgərləri düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın edərək, işğal altında olan kəndlərimizi, strateji yüksəkliklərimizi düşməndən azad etdilər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edilərək, uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı və Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Tarixə qızıl həriflərlə yazılmış bu qələbə Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazanılmışdır. Azərbaycanın 44 günlük qəhrəmanlıq savaşı xalqımızın tarix boyu şanlı qürur mənbəyi olaraq qalacaqdır.
Vəfa Namazova
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu