Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında həm böyük bir faciə, həm də qəhrəmanlıq səhifəsi kimi qalır

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında həm böyük bir faciə, həm də qəhrəmanlıq səhifəsi kimi qalır


Tarixən xalq olaraq başımıza gətirilən faciələrdən daha birinin ildönümü astanasındayıq. 36 il əvvəl Rus qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın, 20 Yanvar faciəsinin ildönümü ərəfəsindəyik.

Yaxın və uzaq tariximizə nəzər yetirdikdə aydın şəkildə görürük ki, Azərbaycan xalqının başına gətirilən bütün bəlaların, faciələrin arxasından bu və ya digər formada bolşevik-daşnak işbirliyi və onların qurduğu planlar çıxıb. İstər 1918-ci ilin mart qırğınları olsun, istər 1920-ci ildə Xalq Cümhuriyyətinin süquta uğradılması, istərsə də XX əsrdə Azərbaycan xalqına yaşadılan digər müsibətlər, ən nəhayət 1990-cı ilin 20 Yanbar faciəsi.

20 Yanvar qırğını ötən əsrin 90-cı illərində Azərbaycan xalqının üzləşdiyi ən faciəvi hadisələrdən biridir. Faciənin baş vermə səbəbi, onu doğuran məqamlar və nəticəyə nəzər yetirdikdə həmin qətliamın planın da bolşevik-daşnak ittifaqının davamı olaraq SSRİ-Ermənistan işbirliyi nəticəsində meydana gəldiyini görürük. Aydın olur ki, 20 Yanvar faciəsi təsadüfi hadisə deyildi, uzun illər boyu formalaşan siyasi, milli və geosiyasi proseslərin, xüsusilə də Ermənistanın Azərbaycana qarşı baş qaldıran işğalçılıq siyasətinin və Sovet imperiyasının ədalətsiz mövqeyinin nəticəsi idi.

Belə ki, 1980-ci illərin sonlarında SSRİ-də baş qaldıran proseslər, “yenidənqurma” və “aşkarlıq” siyasəti erməni millətçi dairələrini Azərbaycana qarşı hərəkətə keçirdi. Moskvadan siyasi dəstək alan ermənilər Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa ərazi iddiaları irəli sürməyə başladılar. 1988-ci ildən etibarən Ermənistan SSR və Dağlıq Qarabağdakı erməni separatçıları açıq şəkildə ərazi iddiaları irəli sürür, mitinqlər keçirir, azərbaycanlı əhaliyə qarşı təzyiq və zorakılıqlar həyata keçirirdilər. Getdikcə artan erməni təxribatları və özünü büruzə verən düşmənçilik münasibəti nəticəsində yüz minlərlə azərbaycanlı Ermənistan ərazisindən deportasiya edildi, kəndlər yandırıldı, insanlar öz doğma torpaqlarından qovuldu. Bütün bunlar açıq-aşkar işğalçılıq və etnik təmizləmə siyasətinin təzahürü idi. O vaxtıki ittifaq rəhbərliyi Ermənistanın təcavüzkar siyasətinə lazımi hüquqi və siyasi qiymət vermək əvəzinə, hadisələrə ikili standartlarla yanaşması, ermənilərin separatçı çıxışlarının “xalq hərəkatı” kimi təqdim olunması Azərbaycan cəmiyyətində haqlı olaraq ciddi narazılıq doğurdu.

Bu dövrdə SSRİ-də artıq siyasi, iqtisadi və ideoloji böhran hökm sürürdü. İttifaqın tərkibində olan xalqlar, o cümlədən Azərbaycan xalqı da azadlıq, suverenlik və milli hüquqlar tələbi ilə ayağa qalxmışdı. Həm bu, həm də Qarabağ problemi, daha dəqiq desək ermənilərin təcavüzkar siyasətinin baş qaldırması, buna qarşılıq olaraq isə mərkəzi hakimiyyətin ədalətsiz mövqeyi, milli ləyaqətin tapdalanması xalqın narazılığını daha da dərinləşdirirdi. Bakıda və respublikanın müxtəlif bölgələrində keçirilən kütləvi mitinqlər sovet rəhbərliyini ciddi şəkildə narahat edirdi. Mövcud problem yoluna qoymaq, xalqın tələbini nəzərə alaraq problem dialoq və siyasi yolla həlll etmək əvəzinə, Moskva ənənəvi cəza metodundan istifadə etməyə üstünlük verdi. Silahsız, din insanlara qarşı güc tətbiqini seçdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. 20 Yanvar qırğınları nəticəsində ümumilikdə, 147 nəfər öldürüldü, 744 nəfər yaralandı. Bundan başqa 841 nəfər qanunsuz olaraq həbs edildi, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu. İttifaqın əli qanlı dəstələrinin əməliyyatı yalnız Bakı ilə kifayətlənmədi. Eyni zamanda rus qoşunları dinc xalqa qarşı vəhşiliyini paytaxtdan xeyli uzaqda olan Neftçala və Lənkəranda da davam etdirdi. Nəticədə hər iki rayondan ümumilikdə 8 nəfər qətlə yetirildi.

20 Yanvar faciəsi məhz ona görə bolşevik-daşnak işbirliyinin davamı kimi xarakterizə edilir ki, Azərbaycan xalqına qarşı törədilən həmin qırğında da Moskva ermənilərdən geniş istifadə etmişdi. Belə ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, həmçinin keçmiş ittifaq dövlətinin müxtəlif subyektlərindəki hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.

20 Yanvar faciəsi Sovet imperiyasının öz vətəndaşlarına qarşı törətdiyi qanlı cinayət olmaqla yanaşı, Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxan Azərbaycan xalqının iradəsini qırmaq cəhdi idi. Lakin bu qanlı hadisə xalqın azadlıq əzmini daha da gücləndirdi.

Eyni zamanda bu hadisə sovet sisteminin əsl mahiyyətini açıq şəkildə göstərdi. “Xalqlar dostluğu”, “insan hüquqları”, “sosialist humanizmi” kimi şüarların arxasında gizlənən qəddar üz həmin gecə bütün çılpaqlığı ilə üzə çıxdı. Tarixin acı ironiyası da elə burada idi ki, öz vətəndaşlarını qoruduğunu iddia edən dövlət, onları öz tankları ilə məhv etdi.
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında həm böyük bir faciə, həm də qəhrəmanlıq səhifəsi kimi qalır. Bu hadisə göstərdi ki, xalq öz torpaqlarını və milli hüquqlarını qorumaq uğrunda canından keçməyə hazırdır.

Maraqlısı odur ki, 20 Yanvar hadisələrindən dərhal sonra Sovet İttifaqının rəsmi dairələri baş verənləri ört-basdır etməyə, hadisələri təhrif olunmuş şəkildə dünya ictimaiyyətinə təqdim etməyə çalışırdı. Belə bir şəraitdə Moskvada yaşayan Heydər Əliyev şəxsi həyatına qarşı baş verə biləcək təhlükələrə baxmayaraq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün cəsarətli addım atdı. 1990-cı il yanvarın 21-də Ulu Öndər SSRİ rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi qətliamı açıq şəkildə pisləyərək, Moskva şəhərində Azərbaycanın Daimi Nümayəndəliyində verdiyi bəyanatla bu hadisəyə ilk siyasi-hüquqi qiymətini vermiş oldu.

Heydər Əliyev həmin bəyanatında Sovet rəhbərliyini, xüsusilə də Mixail Qorbaçovu Azərbaycan xalqına qarşı törədilən cinayətdə ittiham etdi. Heydər Əliyev, “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”,-deyə tələb etdi.

Bu çıxış təkcə Azərbaycanın deyil, bütün Sovet məkanında azadlıq uğrunda mübarizə aparan xalqlar üçün cəsarət nümunəsi oldu. Ulu öndər öz mövqeyi ilə göstərdi ki, siyasi təzyiqlər və təhlükələr heç vaxt həqiqətin qarşısını ala bilməz.

Heydər Əliyevin fəaliyyəti yalnız bəyanatla məhdudlaşmadı. O, beynəlxalq ictimaiyyətin diqqətini 20 Yanvar faciəsinə yönəltmək, bu qanlı hadisənin əsl mahiyyətini dünya mediasına çatdırmaq üçün ardıcıl və məqsədyönlü iş apardı. Məhz onun təşəbbüsü və siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayət kimi dəyərləndirilməyə başlandı.

20 Yanvar qətliamına hüquqi-siyasi qiymətin verilməsi də məhz Ulu Öndərin sayəsində mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu faciə Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi cinayət kimi tanındı. Eyni zamanda, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, Şəhidlər xiyabanının milli ziyarətgaha çevrilməsi də Heydər Əliyevin adı ilə bağlıdır.

Bir sözlə, 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında Heydər Əliyevin xidmətləri misilsizdir. O, həm Sovet totalitar rejiminin ən sərt dövründə, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu kimi bu hadisəyə tarixi ədalət prizmasından yanaşdı. Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində 20 Yanvar faciəsi təkcə Azərbaycan xalqının yaddaşında deyil, beynəlxalq ictimaiyyətin şüurunda da qanlı imperiya cinayəti kimi yer aldı.

Son 5 ilə qədər azadlıq, müstəqillik, torparlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhdilərimizi boynu bükük, qaməti əyilmiş şəkildə ziyarət edirdiksə, bu gün biz müqəddəs məkana, Şəhidlər Xiyabanına alnı açıq, başı dik gedirik. Şəhidlərimizi qürurla anırıq. Çünki onların da ruhu artıq şaddır. Ən böyük arzuları olan torpaqlarımız azaddır, suverendir. Şəhidlərimizin ən böyük arzusunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 2020-ci ildə Azərbaycan Ordusu reallaşdırdı. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, ərazilərimiz erməni işğalından azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Xəbəri paylaş