
Azərbaycanda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, bütün kommunal sahələrə əlçatanlığının artırılması, xidmət növlərinin günümüzün tələbləri səviyyəsinə qaldırılması istiqamətində davamlı olaraq kompleks tədbirlər həyata keçirilir. Etiraf etmək lazımdır ki, bu istiqamətdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları xüsusi əhəmiyyət kəsb edib. 2004-cü ildən mərhələli şəkildə həyata keçirilən bu proqramların uğurlu icrası nəticəsində təkcə paytaxt deyil, eləcə də regionlarda, hətta ən ucqar dağ kəndlərində belə əhalinin uzun illər yığılıb qalan kommunal problemləri həllini tapıb, təbii qaz, elektrik enerjisi, içməli su kimi xidmətlər yaxşılaşdırılıb, yol infrastrukturu kimi həyati vacib məsələ həllini tapıb. Məhz, həyata keçirilən uğurlu işlərin nəticəsidir ki, bu gün respublikanın ən ucqar dağ kəndi belə təbii qazla təmin edilib, elektrikləşdirilib, bir vaxtlar keçilməz olan kənd yolları belə yenidən qurulub, abadlaşdırılıb.
Bir vaxtlar elektrik enerjisini qonşu ölkələrdən idxal etdiyimiz halda, bu gün əhali daxili mənbələrimiz, istehsal etdiyimiz elektrik hesabına enerji ilə təmin olunur. Paralel olaraq, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçidin tətbiqi sahəsində atılan addımlar enerji təhlıükəsizliyimizin təmin olunmasında mühüm rol oynayır.
Əhalinin təbii qaza olan təlabatının qarşılanması istiqamətində də ötən 20 ildən artıq müddətdə, daha dəqiq desək, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində ciddi nəticələr əldə edilib. Məhz, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün əhalinin 96 faizi təbii qazla təchiz edilib. Vaxtilə, qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermədiyi, qazı da xaricdən idxal etdiyimiz halda, bu gün mənzərə tamamilə fərqlidir. Bu gün dünyanın 10-dan çox ölkəsinə məhz Azərbaycan qazı satırıq. Sevindirici haldır ki, bu göstərici ildən-ilə artmaqdadır.
Eyni ilə, əhalinin içməli su təminatı istiqamətində də dövlət səviyyəsində ötən illər ərzində həm paytaxt, həm də regionlarda kifayət qədər işlər görülüb, içməli suya olan tələbat xeyli dərəcədə yaxşılaşdırılıb. Bu məqsədlə, yeni sutəmizləyici qurğular inşa olunub, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, Kür çayının keçdiyi ərazilərdə sutəmizləyici qurğular inşa olunub. Bundan başqa, son 20 il ərzində dörd böyük su anbarı inşa olunub və bu su anbarlarının potensialı 500 milyon kub metrdən çoxdur. Onların arasında xüsusilə, “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etmək yerinə düşər. Prezident İlham Əliyevin dediyi kimi, əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən, “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulub, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilib.
Bütün bu tədbirlər əhalinin içməli su ilə təminatında mühüm rol oynasa da, lakin günümüzün reallığı, qlobal və yerli səviyyədə müşahidə edilən içməli su çatışmamazlığı, xüsusilə də ekoloji risklər və ətraf mühitdə baş verən mənfi tendensiyalar səbəbindən su hövzələrinin quruması bu sahəyə daha çox diqqət ayrılmasını zərurətə çevirir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə məhz həmin zərurətdən irəli gəlirdi.
Əvvəla, onu qeyd etmək lazımdır ki, sözügedən proqram təkcə paytaxt və ətraf ərazilər üçün deyil, bütövlükdə ölkənin regionlarını əhatə edir. Proqram əsas sosial xidmət sahələri üçün strateji təsirlərə malikdir.
Dövlət Proqramının əsas məqsədlərindən biri, heç şübhəsiz ki, Bakı və Abşeron yarımadasında illərlə yığılıb qalmış su, kanalizasiya və yağış suları ilə bağlı problemləri sistemli şəkildə aradan qaldırmaqdır. Məhz, bu problemlərin həlli dövlət büdcəsində fövqəladə və plansız xərclərin azalmasına, idarəetmədə sabitliyin təmin olunmasına şərait yaradacaq. Nəticə etibarilə, azad olunan maliyyə və inzibati resurslar regionların sosial-iqtisadi inkişafına yönəldilə biləcək.
Bakı və Abşeron üçün hazırlanmış Dövlət Proqramı faktiki olaraq ölkə üzrə su təsərrüfatının modernləşdirilməsi üçün nümunəvi model rolunu oynayır. Burada tətbiq olunacaq müasir texnologiyalar, rəqəmsal idarəetmə mexanizmləri, itkilərin minimuma endirilməsi və ekoloji standartlara uyğun yanaşmalar gələcəkdə regionlarda da tətbiq edilə bilər. Bu, gələcəkdə Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran və digər şəhərlərdə su və kanalizasiya sistemlərinin eyni standartlar əsasında yenidən qurulmasına yol açacaq. Nəticədə, regionlar arasında kommunal xidmətlərin keyfiyyət fərqi azalacaq, vətəndaş məmnunluğu yüksələcək.
44 günlük Vətən müharibəsidən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı quruculuq abadlıq işləri bölgədə su təsərrüfatının yenidən qurulması prosesində də özünü göstərir. Çünki işğal dövründə bütün yeraltı və yerüstü sərvətlər kimi su hövzələri də erməni terrorunun, vandaliziminin qurbanına çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib:
“Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə, torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”.
Bu bir danılmaz reallıqdır ki, güclü yağışlar zamanı şəhər nəqliyyatı və digər infrastruktur ciddi sınaqla üzləşir. Bu baxımdan, yağış və tullantı sularının düzgün idarə olunması ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, müşavirədə dövlət başçısının diqqət yetirdiyi əsas məsələlərdən biri də bu oldu. Dövlət başçısı diqqətə çatdırdı ki, bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Müşavirədən aydın oldu ki, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq.
Təmiz içməli su və müasir kanalizasiya sistemi hər bir ölkədə ictimai sağlamlığın əsas təminatçılarından biridir. Dövlət Proqramının icrası Bakı və Abşeron ərazisində sanitariya-gigiyenik vəziyyətin ciddi şəkildə yaxşılaşmasına səbəb olacaq. Bu isə su mənşəli xəstəliklərin azalmasına, profilaktik səhiyyə tədbirlərinin səmərəliliyinin artmasına şərait yaradacaq.
Proqram çərçivəsində çirkab suların nəzarətsiz şəkildə torpağa və su hövzələrinə axıdılmasının qarşısı alınacaq. Bu isə Xəzər dənizinin, yeraltı suların və əkin sahələrinin qorunmasına töhfə verəcək.
Ümumiyyətlə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu Dövlət Proqramı regionların inkişafı, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ekoloji təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu proqram bir daha göstərir ki, Azərbaycanda infrastruktur layihələri insan amilinə, sosial rifaha və uzunmüddətli inkişaf hədəflərinə xidmət edən düşünülmüş dövlət siyasətinin tərkib hissəsidir.
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı










































