
Azərbaycan ilə Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən münasibətlər, mənim fikrimcə, yalnız dövlət maraqlarının və diplomatik əlaqələrin nəticəsi deyil. Burada iki qardaş xalqın ortaq tarixi, türk kimliyi və mənəvi yaxınlığı ilə yanaşı, dövlət başçılarının şəxsi münasibətlərinin də xüsusi rolu vardır.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad, səmimi anlaşma və strateji baxış bu münasibətlərin möhkəm siyasi təməlini təşkil edir. İki liderin bir-birinin dövlətçilik mövqeyinə, milli maraqlarına və Türk dünyasının gələcəyi ilə bağlı baxışlarına verdiyi yüksək qiymət münasibətlərin sürətli inkişafında mühüm amildir.

Bu mənzərədə Mehriban Əliyeva ilə Ziroatxon Mirziyoyeva arasındakı səmimi münasibətlərin də xüsusi əhəmiyyəti var. Onların görüşlərini yalnız diplomatik protokol çərçivəsində qiymətləndirmək doğru olmaz. Bu münasibətlər iki dövlətin bir-birinə ailə yaxınlığı və mənəvi doğmalıq hissi ilə yanaşmasının gözəl nümunəsidir.
Əslində, güclü dövlətlərarası münasibətlərin arxasında bəzən məhz belə insani bağlar dayanır. Prezidentlərin bir-birini etibarlı dost və qardaş kimi qəbul etməsi, xanımların isə qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulan münasibətləri xalqlar arasında yaxınlığın daha dərin qatlarını meydana çıxarır.
Azərbaycan üçün Özbəkistan sadəcə Mərkəzi Asiyanın mühüm dövləti deyil. Özbəkistan bizimlə eyni tarixi kökdən gələn, eyni türk dünyasının parçası olan böyük və qardaş ölkədir. Türkiyədən sonra Azərbaycan xalqının mənəvi yaxınlıq hiss etdiyi qardaş xalqlardan biri məhz özbək xalqıdır.

Bu yaxınlıq gələcəkdə daha böyük birliyə çevrilməlidir: iqtisadi inteqrasiya, nəqliyyat və enerji layihələri, elm və təhsil əməkdaşlığı, ortaq texnoloji layihələr, mədəni inteqrasiya və nəhayət, Türk Dövlətləri Təşkilatının daha güclü siyasi və iqtisadi birliyə çevrilməsi.
Bu baxımdan İlham Əliyev–Şavkat Mirziyoyev münasibətləri ilə yanaşı, Mehriban Əliyeva–Ziroatxon Mirziyoyeva arasında yaranmış səmimi mənəvi bağlar da gələcək nəsillər üçün mühüm bir irsdir.
Dövlətlər arasında müqavilələr imzalanır, layihələr həyata keçirilir. Amma əsl və əbədi birlik xalqların qəlbində qurulur.
Azərbaycan və Özbəkistanın bugünkü yaxınlığı məhz belə bir birliyin – ortaq türk gələcəyinin möhkəm təməllərindən biridir.
Yaşasın Azərbaycan–Özbəkistan qardaşlığı!
Yaşasın əbədi və qüdrətli Türk dünyası!
Səftər Rəhimli, hüquq elmləri doktoru












































