Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşəgötürən hansı məkanlarda kamera quraşdıra bilər?

İşəgötürən hansı məkanlarda kamera quraşdıra bilər?


Müasir dövrdə texnologiyanın sürətli inkişafı videomüşahidə vasitələrinin geniş yayılmasına səbəb olmuşdur. Bu gün bir çox müəssisələrdə, ofislərdə, ticarət obyektlərində və ictimai məkanlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə kameralar quraşdırılır. Lakin texniki imkanların artması ilə yanaşı, insan hüquqlarının qorunması məsələsi də daha həssas xarakter almışdır. Xüsusilə gizli kameraların quraşdırılması, eləcə də iş yerlərində və geyim mağazalarının soyunub-geyinmə otaqlarında müşahidənin aparılması cəmiyyətdə ciddi hüquqi və mənəvi narahatlıqlar doğurur. Bu baxımdan belə halların qanuniliyinin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Newscenter.az xəbər verir ki. məsələ ilə bağlı fikirlərini bölüşən hüquqşünas Əli İbrahimov deyib ki. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının toxunulmazlığını ali dəyər kimi tanıyır. Onun sözlərinə görə, Konstitusiyanın 32-ci maddəsinə əsasən hər kəsin şəxsi həyatının toxunulmazlığı hüququ vardır və bu hüquqa yalnız qanunla nəzərdə tutulmuş hallarda müdaxilə edilə bilər:

“Şəxsin razılığı olmadan onun şəkil və ya video görüntüsünün çəkilməsi, saxlanılması və yayılması birbaşa olaraq şəxsi həyatın pozulması hesab olunur. Bu norma istisnasız olaraq bütün şəxslərə, istər işçilərə, istərsə də xidmət alan müştərilərə şamil edilir. Videomüşahidənin qanuni hesab edilməsi üçün bir neçə əsas şərt mövcuddur. Kamera açıq şəkildə quraşdırılmalı, həmin ərazidə müşahidənin aparıldığı barədə insanların əvvəlcədən məlumatlandırılması təmin edilməli, müşahidə yalnız konkret və qanuni məqsədlərə, məsələn, təhlükəsizlik, əmlakın qorunması və ictimai asayişin təmininə xidmət etməlidir. Bu çərçivədən kənara çıxan hər bir müşahidə fəaliyyəti artıq şəxsi həyata qanunsuz müdaxilə sayılır. Gizli kameraların quraşdırılması isə hüquqi baxımdan xüsusilə təhlükəli hesab olunur. Şəxsin xəbəri olmadan görüntüsünün əldə edilməsi “Şəxsi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Həmin qanuna görə şəxsi məlumatlar yalnız məlumat subyektinin açıq və könüllü razılığı ilə toplanıla bilər. Gizli kamera vasitəsilə əldə olunan görüntülər bu tələbi pozduğuna görə qanunsuz hesab edilir və hüquqi məsuliyyət yaradır.

Xüsusilə vurğulanmalıdır ki, insanların soyunduğu və ya şəxsi vəziyyətdə olduğu məkanlarda videomüşahidə aparılması heç bir halda yol verilən sayılmır. Geyim mağazalarının soyunub-geyinmə otaqları, tualetlər, duş kabinləri, paltar dəyişmə sahələri insanın ən məxfi və toxunulmaz şəxsi məkanıdır. Bu yerlərdə kamera quraşdırılması, hətta açıq şəkildə edilsə belə, qanunsuzdur. Gizli kamera quraşdırılması isə artıq sadəcə inzibati xəta deyil, birbaşa cinayət əməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın toxunulmazlığının pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddəyə əsasən şəxsin razılığı olmadan onun şəxsi həyatına dair məlumatların, foto və video görüntülərin toplanması, saxlanılması və yayılması cinayət sayılır. Qanunvericiliyə görə bu əməllər cərimə, azadlığın məhdudlaşdırılması və hətta azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Əgər belə hərəkətlər gizli texniki vasitələrdən istifadə etməklə, qadınların və ya azyaşlıların iştirakı ilə, yaxud sistemli şəkildə törədilirsə, məsuliyyət daha da ağırlaşır”.
Hüquqşünas deyib ki, iş yerlərində videomüşahidə məsələsinə gəldikdə isə qanun burada da aydın sərhədlər müəyyən edir:

“İşəgötürən yalnız ümumi iş sahələrində, giriş-çıxış hissələrində və təhlükəsizlik baxımından zəruri olan məkanlarda kamera quraşdıra bilər. İşçinin fasiləsiz izlənilməsi, üzərinə fokuslanan kamera yerləşdirilməsi, istirahət və şəxsi ehtiyac zonalarının çəkilməsi yolverilməzdir. Bu cür nəzarət artıq əmək intizamının təmini deyil, psixoloji təzyiq və insan ləyaqətinin alçaldılması kimi qiymətləndirilir. Bəzən müəssisə sahibləri və ya mağaza rəhbərləri bu cür müşahidəni oğurluğun qarşısının alınması ilə əsaslandırmağa çalışırlar. Lakin hüquqi təcrübədə bu arqument qəbul edilmir. Qanunvericiliyə görə təhlükəsizlik məqsədi insanın şəxsi həyatına total müdaxiləyə haqq qazandıra bilməz. Əmlakın qorunması insan ləyaqətindən və toxunulmaz şəxsi hüquqlardan üstün tutula bilməz. Bu mövqe beynəlxalq hüquq normaları ilə də tam uzlaşır. Avropa İnsan Hüquqları Konvensiyasına əsasən şəxsi və ailə həyatına hörmət hüququnu təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarlarında qeyd olunmuşdur ki, insanın geyindiyi, soyunduğu və özünü təhlükəsiz hiss etməli olduğu məkanlarda videomüşahidə aparılması insan ləyaqətinin kobud şəkildə pozulmasıdır və belə hallara dövlətlər tərəfindən ciddi nəzarət olunmalıdır”.

Süleyman
Xəbəri paylaş