
Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulan Latviya–Azərbaycan münasibətləri yüksək səviyyəli səfərlər fonunda dinamik inkişaf edir. İki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin hər ötən gün bir qədər də inkişafı həm Riqa, həm də Bakı üçün əlavə dividendlər gətirir.
Ölkələr arasında mövcud olan iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı Azərbaycan və Latviya üçün yeni imkanlar açır. Xüsusilə, bu istiqamətdə nəqliyyat, logistika və tranzit sahəsində əməkdaşlığı qeyd etmək yerinə düşər. Bildiyimiz kimi, Latviya Baltik regionunda mühüm logistika mərkəzi kimi tanınır. Azərbaycanın isə Cənubi Qafqazın əsas tranzit ölkəsi, qovşağı funksiyasını yerinə yetirir. Bu mənada Riqa və Bakının nəqliyyat, logistika və tranzit sahəsində əməkdaşlığı həm Cənubi Qafqaz, həm də Latviyanın timsalında Baltikyanı ölkələr üçün faydalı ola bilər.
Təsadüfi deyil ki, Latviya Prezidenti Edqars Rinkeviçs də mətbuata verilən birgə bəyanatda nəqliyyat və logistika sahəsində əməkdaşlığa xüsusi diqqət çəkərək bildirib ki, biz Azərbaycanın, xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görürük.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Avropa ilə Asiya arasında alternativ ticarət yolları baxımından əhəmiyyətini nəzərə alaraq deyə bilərik ki, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır.
Latviyanı Azərbaycanla nəqliyyat və logistika sahəsində əməkdaşlıqda maraqlı və cəlbedici edən əsas məqamlardan biri daşımaların təhlükəsiz şəraitdə həyata keçirilməsi istiqamətində göstərilən səylər və ortaya qoyulan siyasi iradədir. Elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycan–Latviya biznes forumunda çıxışı zamanı bu məqama diqqət çəkərək bildirdi ki, Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə nəqliyyat dəhlizləri artıq fəaliyyət göstərir:
“Azərbaycan ərazisində aparılan bütün tikinti işləri tamamlanmışdır. İndi gördüyümüz işlər isə müasirləşməyə, yeni fiziki infrastrukturun yaradılmasına, rəqəmsallaşdırılmaya, o cümlədən süni zəka tərəfindən yaradılan imkanlara investisiyaların yatırılmasından ibarətdir ki, Azərbaycan ərazisindən daşımalar bugünkü geosiyasi vəziyyətdə nəinki təkcə ən təhlükəsiz, lakin eyni zamanda daşıma haqları və zamanı nöqteyi-nəzərindən rəqabətli olsun”.
Həm bu amil, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması bu gün qitə ölkələri üçün Azərbaycanı strateji tərəfdaşa çevirib. Təsadüfi deyil ki, Latviya Prezidenti Edqars Rinkeviçs də açıq şəkildə ifadə etdi ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkəsi üçün həm siyasi, həm iqtisadi sahədə və ən vacibi isə energetika sahəsində strateji tərəfdaşdır. Onu da xatırlatmaq yerinə düşər ki, 2017-ci ildə Azərbaycanla Latviya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
Latviya prezidentinin Azərbaycana səfəri müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün də yeni fürsətlər açır. Həm Azərbaycan, həm də Latviya prezidentləri iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forumda müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivlərindən, gələcəyə hesablanmış hədəflərdən danışıblar.
Həm səfər, həm də səfər çərçivəsində keçirilən biznes forum latviyalı iş adamlarının Azərbaycana investisiya qoymaq imkanlarını da artıra bilər. Xüsusilə bu, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında əhəmiyyətlidir. Latviya prezidentinin Azərbaycana səfərindən əvvəl iki ölkənin Birgə Hökumətlərarası Komissiyasının iclasının Qarabağda, Şuşada keçirilməsi, əslində, latviyalı iş adamlarının Qarabağa sərmayə qoyacaqlarının anonsudur.
Göründüyü kimi, Bakı ilə Riqa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni bir mərhələyə qədəm qoyması üçün kifayət qədər imkanlar və potensial var. Bu baxımdan Latviya prezidentinin Azərbaycana səfəri həm həmin imkanları dəyərləndirmək, nəzərdən keçirmək, həm də bu əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Riqa ilə Bakı arasında gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı










































