
Bu gün İrəvanda 8-ci Avropa Siyasi Birliyi (ASB) Sammiti və Birinci Avropa İttifaqı-Ermənistan sammiti öz işinə balayır. İki gün davam edəcək tədbirin Ermənistanda çox mühüm bir siyasi hadisə ərəfəsində - Parlament seçkilərinin qaynar dövründə keçirilməsi təsadüfi deyil.
Avropa Siyasi Birliyi təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə keçirilir. Fransa Prezidenti Makronun təşəbbüsü ilə yaradılan ASB-nin ilk sammiti 2022-ci ildə baş tutub və rotasiya qaydasında hər il Aİ üzvü ölkələrində davam etdirilir.
Növbəti sammitin İrəvanda təşkili isə müəyyən suallar doğurur. Avropalı siyasətçilər bununla seçkilərdə Paşinyanın siyasi xəttini dəstəkləyərək Kremlin siyasi kampaniyasına qarşı öz açıq mövqeyini nümayiş etdirir.
Avropa İttifaqının Ermənistanda mülki missiyası neçə vaxtdır ki, fəaliyyət göstərir, indi isə daha mütəşəkkil siyasi dəstəyin - Avropa İttifaqı Tərəfdaşlıq Missiyası çərçivəsində böyük nümayəndə heyətinin İrəvana gəlişi Paşinyanın seçki təşviqatını gücləndirə bilər.
Bunu Nikolun rəqiblərin də bildirir, Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın sözlərinə görə, Qərb Nikol Paşinyana birmənalı dəstək verir və hazırkı sammit də məhz İrəvan-Brüssel əlaqələri fonunda anti-Rusiya layihəsi kimi xarakterizə oluna bilər.
Sözsüz ki, Avropa Sammiti Ermənistanda demokratiyanı möhkəmləndirmək, Qərbə inteqrasiyanı təşviq etmək yox, siyasi maraq güdür. Çünki Sammitin əsas prinsiplərindən biri olan Avropa qitəsinin təhlükəsizliyi, sabitliyi və rifahın gücləndirilməsi məsələləri Ermənistan üçün yad anlayışdır. Ermənistanın Aİ-nin təhlükəsizliyi və rifahının gücləndirilməsində hansısa töhfə verə biləcəyini düşünmək gülünc doğurardı. Bu ölkə özünün təhlükəsizliyini qoruya, rihafı təmin edə bilmir, xarici lobbi və güclərdən asılıdır.
Təbii ki, seçki öncəsi Aİ rəsmiləri erməni xalqına çoxsaylı vədlər verəcək, Avro-inteqrasiya, sərbəst viza rejimi, azad ticarət və s. Bunlar əslində praktiki baxımdan real olmasa da, mövcud iqtidarın elektoratını qorumağa və artırmağa kömək edəcək.
Əlbəttə, Aİ-nin Ermənistanda hansı maraqlarının olub-olmamasından asılı olmayaraq, Paşinyanın partiyasının dəstəkləməsi Azərbaycan üçün də əhəmiyyət daşıyır. Nikolun seçkilərdə qalib gəlməsi iki ölkə arasında birbaşa siyasi dialoqun möhkəmlənməsi, sülh etimadı yolunda atılan addımların başa çatdırılması, Vaşinqton Bəyannaməsinin icrası üçün vacibdir.
Ona görə də Aİ-nin Sammitinin Ermənistanda keçirilməsini böyük siyasi hadisə kimi deyil, bölgədə sülhün dayanıqlılığı, siyasi-iqtisadi transformasiyanın sona çatması baxımından dəyərləndirmək lazımdır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor











































