
Mahirə Hüseynova müasir dövrdə Azərbaycan ali təhsil sistemində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm xidmətləri ilə seçilən ziyalılardandır. Onun Azərbaycan təhsilinin inkişafı, elmi əməkdaşlığın genişləndirilməsi və Türk dünyası ilə inteqrasiyanın gücləndirilməsi sahəsində həyata keçirdiyi fəaliyyət xüsusi diqqətə layiqdir. Professor, filologiya elmləri doktoru kimi Mahirə xanım yalnız elmi fəaliyyəti ilə deyil, eyni zamanda təşkilatçılıq bacarığı və uzaqgörən idarəçilik keyfiyyətləri ilə də fərqlənir.
Mahirə Hüseynovanın rəhbərliyi və təşəbbüsləri nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti bir çox türk dövlətlərinin nüfuzlu ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq münasibətləri qurmuşdur. Bu əməkdaşlıqlar qarşılıqlı elmi mübadilə, müəllim və tələbə mobilliyi, ortaq layihələrin həyata keçirilməsi və beynəlxalq konfransların təşkili baxımından universitetin fəaliyyətinə yeni imkanlar qazandırmışdır. Xüsusilə Türk dünyasının elm və təhsil sahəsində birgə inkişafına xidmət edən bu əlaqələr ADPU-nun beynəlxalq nüfuzunun artmasına mühüm təsir göstərmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində aparılan uğurlu siyasət ölkənin bütün sahələrində olduğu kimi təhsil və elm müstəvisində də öz müsbət nəticələrini göstərməkdədir. Mahirə Hüseynova da öz fəaliyyətində bu siyasi xətti əsas istiqamət kimi qəbul edərək Türk dünyası ilə əlaqələrin inkişafına ciddi töhfələr verir. Onun təşəbbüsü ilə Azərbaycan alimlərinin qardaş türk dövlətlərinə səfərləri təşkil olunur, eyni zamanda həmin ölkələrin alimləri Azərbaycana dəvət edilərək qarşılıqlı elmi müzakirələr və fikir mübadilələri həyata keçirilir.
Türk dövlətləri arasında elmi və mənəvi birliyin gücləndirilməsi yalnız təhsil sahəsində deyil, bütövlükdə Türk dünyasının gələcək inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Mahirə Hüseynovanın fəaliyyəti milli maraqlara xidmət edən, strateji əhəmiyyətli fəaliyyət kimi dəyərləndirilə bilər. O, Azərbaycan təhsilinin beynəlxalq təcrübəyə inteqrasiyasında, universitetlərarası əlaqələrin genişlənməsində və ortaq türk elmi platformasının formalaşmasında mühüm rol oynayan ziyalılardan biridir. Mahirə Hüseynovanın fəaliyyəti göstərir ki, elmə, təhsilə və milli-mənəvi dəyərlərə bağlı olan ziyalıların əməyi nəticəsində Azərbaycan ali təhsil sistemi beynəlxalq arenada daha da möhkəmlənir. Onun həyata keçirdiyi məqsədyönlü fəaliyyət həm ADPU-nun inkişafına, həm də Türk dünyası ilə elmi-mədəni əlaqələrin güclənməsinə mühüm töhfə verir.
Anar Salehoğlu,
İctimai-siyasi fəal











































