
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib.
Newscenter.az müsahibəni təqdim edir.
Müxbir: Cənab Prezident, həmişəki kimi sizi görməyimə çox şadam. 182 ölkədən 40.000-dən çox insan - bu, COP29-dan bəri Azərbaycanda keçirilən ikinci ən böyük tədbirdir. WUF13-ə ev sahibliyi etmək, Azərbaycan üçün dayanıqlı şəhər inkişafının gələcəyinin formalaşmasında beynəlxalq rolu baxımından nə deməkdir?
Prezident İlham Əliyev: Əlbəttə ki, bizim üçün WUF13-ə ev sahibliyi etmək böyük şərəfdir. Burada 182 ölkə toplaşıb. Bu, Azərbaycana hörmətin yaxşı bir nümayişidir. Bildiyim qədəri ilə iştirakçıların sayı rekord həddə çatıb. Beləliklə, bu, mövzunun vacib olduğunu və ev sahibi ölkənin həm də çoxlu beynəlxalq əlaqələri olan bir ölkə olduğunun nümayişidir.
Əlbəttə ki, bu, bizim üçün həm də auditoriyaya və beynəlxalq ictimaiyyətə indiyə qədər görülən işlər, planlarımız barədə məlumat vermək, həmçinin tərəfdaşlarımızdan öyrənmək üçün bir fürsətdir. Çünki iştirak səviyyəsi və dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma bir çox liderin düşündüyü bir şeydir. Çıxışımda qeyd etdiyim kimi, tarixi irsin və memarlıq irsinin qorunması ilə şəhərlərin modernləşdirilməsi zərurəti arasında harmoniya əl-ələ verməlidir.
Müxbir: Əlbəttə ki, Azərbaycan münaqişədən sonrakı Qarabağ və Şərqi Zəngəzur bölgələrində ağıllı şəhər və yaşıl enerji layihələrini, eləcə də həmin ərazilərin yenidən qurulmasını təqdim edib. Bu layihələrin qlobal şəhər innovasiyasına necə töhfə verdiyini görürsünüz? İnsanlar sizdən nə öyrənə bilərlər? Siz başqa insanlar haqqında danışırsınız.
Prezident İlham Əliyev: Düşünürəm ki, indiyə qədər şəhər və kəndləri sıfırdan qurmaq üçün unikal bir təcrübə hazırlamışıq. Təəssüf ki, bu, işğal olunmuş ərazilərin genişmiqyaslı dağıntıları ilə bağlı idi, ona görə də biz bunu etməli olduq. Beləliklə, mərhələli yanaşma və bəzi hallarda paralel inkişaf yolu beş il ərzində artıq 85.000 insanın geri qayıtmasına gətirib çıxardı.
Beləliklə, elektrik enerjisi bir nömrəli məsələdir. İndiyə qədər 307 meqavatt su elektrik stansiyası istismara vermişik və hazırda 340 meqavatt günəş enerjisi tikilir. Beləliklə, bu, təkcə Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazi üçün kifayət edəcək. Həmçinin, elektrik şəbəkəsinin bütün ölkəyə qoşulması təşkil edilib. 75 kilometr uzunluğunda tunel var ki, onlardan 70 kilometri artıq istifadəyə verilib. 500 körpüdən 435-i artıq tikilib.
Dəmir yolları, məktəblər, xəstəxanalar – bütün bunlar paralel olaraq gedir. Yenidənqurmanın ilk illərində əsasən infrastruktura investisiya qoymuşuq. İndi isə əsasən mənzil tikintisinə investisiya qoyuruq. Şəhər planları, "ağıllı şəhərlər", "ağıllı kənd" konsepsiyası, hər kənd üçün plan, bütün bunlar görülür. Beləliklə, bu, bizim kimi oxşar problemlərlə üzləşən ölkələr üçün yenidənqurma üçün bir nümunə ola bilər.
Müxbir: Dünyanın qalan hissəsi üçün də eyni şeyi edəcək bir plan, bu, heyrətamizdir. İndi Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə çox vacib töhfə verən bir ölkəyə çevrilib. Avropa bunu şaxələndirdikcə Azərbaycanın rolunun necə inkişaf edəcəyini görürsünüz?
Prezident İlham Əliyev: Biz Avropa ilə enerji sahəsində əməkdaşlığımıza bir müddət əvvəl başlamışıq. Xüsusilə də 2020-ci ildən, bu gün 16 ölkəni təbii qazla təmin edən Cənub Qaz Dəhlizini istifadəyə verdikdən sonra bu proses "sürətlənmə" mərhələsinə qədəm qoymuşdur. Boru kəmərləri ilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz birinci yerdəyik. Bu rəqəm artır. Avropa İttifaqının on üzvü bizim müştərimizdir. Ümumilikdə isə Avropadan 12 ölkə Azərbaycan qazının alıcısıdır. Ölkələrin sayı artır. Əməkdaşlığa başlamaq üçün müraciətlərin sayı artır.
Xoşbəxtlikdən, boru kəməri infrastrukturu və yuxarı axınla bağlı tapşırıqlarımızı yerinə yetirdik. Beləliklə, indi hasilat səviyyəsi yüksəlir. Çox tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatının başlanması barədə məlumat verəcəyik. Beləliklə, bu, hər iki tərəf üçün faydalı bir vəziyyətdir. Bizə Avropa kimi premium bazar lazımdır. Avropanın isə alternativ təchizat mənbəyi olan Azərbaycan lazımdır. Beləliklə, səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq.
Müxbir: Təşəkkür edirəm. Siz regionda və ondan kənarda diplomatiya və sabitliyin böyük müdafiəçisi olmusunuz. İndi Hörmüz böhranı regional və qlobal iqtisadiyyatlara təsir göstərir. Azərbaycan buna necə yanaşır və necə davranır?
Prezident İlham Əliyev: Təchizat zənciri ilə bağlı böhran bizə təsir etmir, çünki enerji təchizatının və marşrutlarının şaxələndirilməsi siyasətimiz bu günün siyasəti deyil. Uzun illərdir ki, biz bunu davam etdiririk və tərəfdaşlarımızla, qonşularımızla birlikdə neft, qaz, elektrik enerjisi və ya bağlantı olsun, şaxələndirilmiş təchizat zənciri qurmağı bacardıq.
Əlbəttə ki, Yaxın Şərqdə baş verənlər müəyyən dərəcədə hər kəsə təsir edir, çünki bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Amma eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu xəzinədarlıqlara investisiya qoyur. Bir çoxu fond bazarlarına investisiya qoyur. Və bu qarışıqlıq baş verdikdə fond bazarı aşağı düşür. Beləliklə, biz yüksək neft qiymətindən bir az qazanc əldə edərkən investisiyalarımızdan pul itiririk. Buna görə də hər kəs bundan təsirlənir.
Amma öz enerji layihələrimiz baxımından, xeyr, biz təhlükəsiz tərəfdəyik. Və biz həmişə, qeyd etdiyiniz kimi, diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmasaydı, resurslarımızı bazarlara çatdıra bilməzdik. Çünki ölkələri gəzməli, qonşularla, qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmalı, çoxtərəfli əməkdaşlıq formatı qurmalı, istehsalçılar, tranzitçilər, istehlakçılar arasında qarşılıqlı faydalı vəziyyət yaratmalı idik ki, hamı qaydalara tabe olsun və hamı qazanc əldə etsin.
Bu baxımdan, düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll edildikdən sonra, ümid edirəm ki, tezliklə, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətini və enerji təchizatının çatdırılma yollarını yenidən nəzərdən keçirəcəklər. Və çox güman ki, Azərbaycanın coğrafiyası və onsuz da mövcud olan aktivləri bu gündən daha çox tələb olunacaq.
Müxbir: Cənab Prezident, sizinlə danışmaq həmişə xoşdur.
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Sizi yenidən Azərbaycanda görməyimə şadam.
Müxbir: Yenidən gəlmək həmişə xoşdur. Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm.
Arzu











































