
"BMT-nin təşəbbüsü ilə keçirilən WUF13 forumunun Bakıda təşkil olunması Azərbaycan üçün təkcə beynəlxalq tədbir statusu daşımır, həm də uzunmüddətli iqtisadi, urbanistik və diplomatik dividendlər vəd edir. “Dünyanı məskunlaşdırmaq: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum qlobal şəhərsalma gündəliyinin əsas platformalarından biri hesab olunur".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Son illərdə ölkəmi COP29, Türk Dövlətləri Təşkilatının sammitləri və digər qlobal tədbirlərlə özünü beynəlxalq dialoq məkanı kimi təqdim etməyi bacarıb. İndi də WUF13-un Bakıda keçirilməsi Azərbaycanın urbanizasiya, dayanıqlı inkişaf və “ağıllı şəhər” konsepsiyalarında regional lider imicini möhkəmləndirir. Bu forum vasitəsilə Azərbaycan öz şəhərsalma strategiyalarını, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrini beynəlxalq auditoriyaya təqdim etmək imkanı qazanır.
Forumun iqtisadi təsiri də diqqətəlayiqdir. Minlərlə xarici nümayəndənin, ekspertin, investorun və media təmsilçisinin Bakıya gəlməsi turizm, hotellər, nəqliyyat, xidmət və tikinti sektorlarına əlavə gəlir gətirəcək. Eyni zamanda, şəhər infrastrukturu və logistika sistemlərinin təkmilləşdirilməsi sürətlənəcək. Forum çərçivəsində keçirilən sərgilər və tərəfdaş tədbirləri beynəlxalq investisiyaların cəlb olunmasına da stimul yarada bilər".
Yusif Bağırzadə hesab edir ki, bu tədbir “yaşıl şəhər”, rəqəmsal idarəetmə və dayanıqlı tikinti sahələrində yeni əməkdaşlıqlar üçün də platforma rolunu oynayacaq:
"WUF13-un digər mühüm faydası urbanistika və şəhər idarəçiliyi sahəsində institusional bilik mübadiləsidir. Forum müxtəlif ölkələrin təcrübələrini bir araya gətirərək Azərbaycan üçün nəqliyyat planlaşdırılması, sosial mənzil siyasəti, iqlimə davamlı infrastruktur və inklüziv şəhər idarəçiliyi istiqamətində yeni modellərlə tanış olmaq imkanı yaradır. Bu, xüsusilə Bakının sürətli urbanizasiya problemləri – tıxaclar, drenaj sistemi, ekoloji yük və əhali sıxlığı kimi məsələlərin həllində faydalı ola bilər.
Ümumi olaraq dəyərləndirsək deyə bilərik ki, WUF13 Azərbaycan üçün beynəlxalq imic, iqtisadi aktivlik və şəhərsalma sahəsində modern transformasiya baxımından strateji imkan hesab oluna bilər".
Süleyman










































