Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən göylərinin yaddaşı

Vətən göylərinin yaddaşı


Cəlilabadda yaşayıb-yaradan şair qardaşım Əlirza Həsrətin Naxçıvanda boya-başa çatmış, Qarabağda şəhid olmuş baş leytenant Yusif Vəliyevə ad etdiyi “Təyyarəçi nəğmələri” əsəri çağdaş Azərbaycan poeziyasında həm dastan-poema gələnəyinin davamı, həm də Vətən savaşının mənəvi-estetik salnaməsi kimi diqqəti çəkir. Kitabın poetik yükü yalnız bir qəhrəmanın taleyi ilə sınırlanmır; burada Vətən, sevgi, ayrılıq, şəhadət, milli yaddaş bütöv bir poetik sistem içində təqdim olunur. 

Əlirza Həsrət əsərin başlanğıcında hadisələri konkret tarixi kontekstə bağlayır. Müəllif Şuşanın, Laçının işğalını, keçmiş Sovet imperiyasının çöküş dönəmində yaranmış qarışıqlığı həm siyasi hadisə kimi, həm də milli ruhun sınandığı məqam kimi tanıdır. Proloqda verilən bu fikirlər dastanın ideoloji-fəlsəfi sütununu müəyyənləşdirir. 

Şair qəhrəmanlığı bəlağət içində boğmur. – Əsərin ən önəmli uğurlarından biri budur. Yusif obrazı həm döyüşçüdür, həm sevən insan, həm də kövrək duyğular yiyəsi. Əlirza yazır:

“Gözlərim qərib elçidir,
Göylər ovcumun içidir.
Böyüyüb, təyyarəçidir,
O şıltaq balaca Yusif.”
(s. 9)

Bu misralarda diqqəti çəkən əsas məqam qəhrəmanın mifləşdirilməməsi, eləcə insaniləşdirilməsidir. Yusif öncə “şıltaq balaca uşaq”, sonra isə Vətən göylərinin keşiyində duran igid kimi boy göstərir. Burada folklor poetikasına yaxın bir transformasiya görünür: uşaq – igid – şəhid və bəngülük simvolu.

Əlirza Həsrətin poetik dünyasında Naxçıvan ayrıca bir obrazdır. Şair həmin məkanı bir coğrafi ərazi olmaqdan çıxararaq, mənəvi qala, yaddaş mərkəzi kimi tanıdır:

“Zirvələr göstərir əzmin, vüqarın,
Çöhrəsi nə gözəl gülür dağların.”
(s. 7)

Bu misralar klassik Azərbaycan poeziyasındakı dağ kultunun çağdaş təcəssümü kimi gəldi mənə. Burada Naxçıvan, belə deyək, yalnız fon kimi iştirak etmir; o, qəhrəmanın ruhunu yetişdirən “ocaq”dır.

Əsərin emosional mərkəzində Arzu obrazı dayanır. Şair onu bəzən Nigara, bəzən bir başqa obraza yaxınlaşdırır:

“Arzu Koroğlunun Nigarı kimi,
Elə mərdanəydi, elə mərd idi.
Leyli yaraşıqlı o dəli qıza, –
Məcnuntək vurulmaq ayrı dərd idi.” (s. 17)

Burada klassik Şərq eşq modeli ilə milli qəhrəmanlıq motivi bir-birinə bağlanır. Ümumən, şəhid xanımlarının ağrısı insani olduğu qədər həm də milli ağrıdır.

Poemanın ən təsirli məqamları savaş səhnələrinin lirizmlə verildiyi bölümlərdir. Müəllif güllə, raket, ölüm motivlərini quru hərbi təsvirlərlə çatdırmaqdan uzaqdır; onun poetik ritmi diqqətçəkicidir:

“Mərmi, raket yağa-yağa,
Döşünü verdi qabağa.
Yusif bürünüb bayrağa,
Keçdi hava hücumuna.”
(s. 33)

Burada “bayrağa bürünmək” şəhidlik anlamı daşımaq etibarıyla, qəhrəmanın milli varlığa çevrilməsi aktıdır. Şair şəhid Yusifi bir insan taleyindən çıxarıb simvol səviyyəsinə yüksəldir.

Əsərdə diqqət çəkən digər önəmli cəhət “təyyarə” obrazının işlənməsidir. Təyyarəni burada texniki vasitə olaraq görməyi nə biz Əlirzaya yaraşdırardıq, nə də o, özünə; təyyarə burada – azadlığın, yüksəlişin və ruhun metaforudur. Müəllif yazır:

“Qonmuşam təyyarə qanadlarına,
Çırpına-çırpına oxuyan quşam.”
(s. 48)

Bu misralar artıq realist müstəvidən çıxaraq metafizik qat yaradır. Təyyarə – göy, göy isə azadlıq, şəhid ruhu və Tanrıya yaxınlıq anlamı qazanır.

Əlirza Həsrətin dili xalq şeiri ilə çağdaş poetik düşüncənin arasında uyumlu biçimdə dayanır. Mətn boyu qoşma, gəraylı, dastan ritmi hiss olunur; özəlliklə təkrarlar və nidalar əsərin ritmini canlı saxlayır. Bu üslub oxucuda həm aşıq dastanı təəssüratı yaradır, həm də günümüzün savaş elegiyası hissini oyadır.

Poemanın epiloqu isə ayrıca diqqətə layiqdir. Müəllif Qarabağın qurtuluşunu Yusifin ruhunun qayıdışı kimi təqdim edir. Burada Zəfər hərbi sonuc olmaqla birgə, mənəvi tamamlanmadır.

Şəhidlik ölüm sayılmır, o, ölümdən üstün hadisə olaraq xalqın yaddaşında davam edən mənəvi həyatdır. – Əsərin əsas poetik qənaəti də, məncə, budur.
Şair bunu açıq şəkildə hiss etdirir:

“Vətənin köksündə dönüb heykələ,
Oldu əbədiyyət nişanı Yusif.” (s. 39)

Bu fikir “Təyyarəçi nəğmələri”nin ideya mərkəzidir. Yusif artıq fərdi taleyin adı olmaqdan daha çox, Azərbaycan ruhunun poetik simvoludur.

Əlirza Həsrətin bu kitabı çağdaş Azərbaycan ədəbiyyatında Qarabağ savaşını dastan poetikası ilə ifadə edən diqqətəlayiq örnəklərdən biridir. Əsər bir tərəfdən xalq yaddaşına söykənir, digər tərəfdən çağdaş milli kimliyin poetik manifestinə çevrilir. “Təyyarəçi nəğmələri”ndə göyüzü yalnız uçuş məkanı kimi götürülmür – oralar şəhid ruhlarının Vətən üzərində dolaşdığı qutsal mənəvi qatdır.

Xalq şairi Məmməd Rahimin igid azərbaycanlı təyyarəçi Hüseynbala Əliyevin qəhrəmanlığına həsr etdiyi ünlü “Leninqrad göylərində” poeması ilə Əlirza Həsrətin “Təyyarəçi nəğmələri” arasında müəyyən poetik yaxınlığı sezməmək mümkün deyil. Hər iki əsərdə göy üzü qəhrəmanlığın, fədakarlığın və mənəvi yüksəlişin simvoludur. Hər iki poemada təyyarəçi obrazı sıradan hərbçi olmaqdan çıxaraq milli ruhun daşıyıcısına çevrilir.

Ancaq bu iki əsəri bir-birindən ayıran çox önəmli tarixi və mənəvi fərqlər vardır.
“Leninqrad göylərində” poemasında azərbaycanlı qəhrəman sovet coğrafiyasının uzaq bir savaş cəbhəsində – Leninqrad səmasında faşizmə qarşı döyüşür. O əsərdə qəhrəmanlıq antifaşist ideologiyası və sovet vətənpərvərliyi kontekstində təqdim olunur. (İndi nə Leninqrad adı qalıb, nə Sovet, nə də onun “həqiqətləri”… Ancaq Hüseynbalaların qəhrəmanlıqları, əlbət, unudulmazdır.)

Əlirza Həsrətin “Təyyarəçi nəğmələri”ndə isə qəhrəman artıq öz doğma torpağı – Qarabağ uğrunda savaşır; onun təyyarəsi yad ölkənin deyil, Şuşanın, Laçının, Ağdamın, Qarabağın göylərində havalanır.

Bax, bu fərq əsərin poetik enerjisini də dəyişir. Məmməd Rahimdə qəhrəmanlıq ideoloji-siyasi anlam daşıyırsa, Əlirza Həsrətdə şəhidlik milli yaddaşın və tarixi ədalətin poetik ifadəsinə çevrilir. Burada savaş yalnız cəbhə hadisəsi kimi işlənməyib; savaş burada həm də torpaq, yurd, ailə, sevgi və kimlik uğrunda mənəvi dirənişdir.

Əgər “Leninqrad göylərində” poeması sovet dönəmi Azərbaycan poeziyasında aviasiya qəhrəmanlığının klassik örnəklərindən biri sayılırdısa, “Təyyarəçi nəğmələri” müstəqil Azərbaycanın Qarabağ yaddaşını yaşadan çağdaş milli dastan örnəyi kimi dəyərləndirilə bilər.

Bu anlamda Yusif Yaqub oğlu Vəliyev (14.02.1968, Nehrəm – 12.05.1992) obrazı Hüseynbala Əliyevin (Hüseyn Balaəli oğlu Əliyev; 25.11.1918, Pirşağı – 18.07.1941) poetik xəttinin davamı təsirini bağışlasa da, onun ağrılı taleyində öz Vətəninin göylərində şəhid olmaq kimi daha doğma bir həqiqət yaşayır…

Yusifin qəhrəmanlığı Azərbaycanın bir çox tanınmış şair və bəstəçilərinin – Əli Vəkil, Vahid Əziz, Sabir Arazlı, Fərqanə Mehdi, şəhidin həyat yoldaşı Arzu Nehrəmli və başqalarının mahnı, şeir və poemalarında öz bədii ifadəsini tapmışdır.

“Təyyarəçi nəğmələri” mənə daha öncə yazılan, bəstələnən və oxunanların ülvi, ümumi poetik şəkli təsiri bağışladı. Kitab haqqında danışarkən belə bir qənaət yaranır: Əlirza Həsrət bu əsərlə – bir qəhrəmanın timsalında – bütöv bir dönəmin ağrısını, sevgisini və qürurunu nəğmələşdirib.

Şair şəhid təyyarəçinin nəğməsini belə tamamlayır:

“…Daha Qarabağda çiçək-çiçəkdir,
Torpağa tökülən hər şəhid qanı.
Bürünsün səsinə azad quşların,
Göy üzü olmasın döyüş meydanı.

Böyük əsərlərin bəzəyi olub,
İgid təyyarəçi Yusifin adı.
Şəhid məzarları üstündə elə,
Hər bayraq çırpınan mələk qanadı.

İlahi, Vətənin üfüqlərindən,
Günəşi ayna tut ilham pərimə.
Səma qol götürsün, bulud oynasın,
Mənim “Təyyarəçi nəğmələri”mə!”

Ümidvaram, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudirəliyev,
şəhid Milli Qəhrəmanımız Vaqif Qurbanov, "Azərbaycan Bayrağı" ordenli şəhid mayorlarımız Ürfan Vəlizadə, Təbriz Musazadə, şəhid polkovnik-leytenant Rəşad Atakişiyev və digər şəhid pilotlarımız haqqında da yeni əsərlər yazılacaq.

Şəhidlərə min rəhmət, şairlərə yeni əsərlər, qazilərə bayraq ucalığı dilərim!

Şəhidlər ölmədi, Vətən bölünmədi!

Əkbər QOŞALI
Xəbəri paylaş