
"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu gün Bakıda rəsmi olaraq öz işinə başladı. Bakı artıq uzun müddətdir ki, böyük və əhəmiyyətli idman, siyasi və sosial tədbirlərə ev sahibliyi edir. Bu günə qədər ölkəmizdə keçirilən hər hansı bir tədbirin təşkilatçılığında zərrə qədər də qüsur yaşanmamış və iştirakçı dövlətlər tərəfindən hər zaman yüksək qiymət almışdır".
Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, forum öncəsi Bakıya yağan güclü yağışın törətmiş olduğu fəsadlar tədbirin ölkəmiz üçün əhəmiyyətini qətiyyən aşağı sala bilməz:
"Doğrudur Bakı şəhərinin yağış sularının axıdılması üçün mövcud infrastrukturu yetərli deyil və bu sahədə qüsurlar çoxdur. Bununla belə istər Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyasının, istərsə də digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin geosiyasi nüfuzunun yüksəlməsi nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. İlk növbədə biz millət olaraq özümüz üçün müəyyən etməliyik. Biz özümüzü yenidən formalaşan dünya düzənində harada görürük və dövlət olaraq hansı gücə və hörmətə malik olmaq istəyirik? Seçim geniş deyil. Bir tərəfdən, dünyada baş tutan hər hansı bir beynəlxalq tədbirin təşkilatçılığında iştirak etmirik, qarşıdurmalarla zəngin beynəlxalq münasibətlər sistemində özümüzə dost, tərəfdaş dövlət və siyasətçilər qazanmırıq, kütləvi informasiya vasitələrində ölkəmiz haqqında müsbət materialların getməsi sayəsində dünyaya təqdim olunmuruq və s. Digər tərəfdən isə təkşilatçı kimi beynəlxalq münasibətlər sistemində fəal iştirak edirik. Belə olan təqdirdə dövlət olaraq qazancımız nə olur? İlk növbədə dünya problemlərinə həll yollarının axtarılması üçün keçirilən tədbirlərə ev sahibliyi etməklə dövlət olaraq məsuliyyət və iddiamızı ortaya qoymuş oluruq. Bununla da formalaşan fikir və qərarların sadəcə istehlakçısı deyil eyni zamanda istehsalçısı olduğumuzu nümayiş etdiririk. Bu cür dövlətlər hər zaman kiçik dövlətlər tərəfindən ehtiramla, güclü dövlətlər tərəfindən isə ehtiyatla qarşılanır. Təbii ki, ən azından yerləşdiyin regionun güclü və lokomotiv dövləti olmağın- nəqliyyat, sıxlıq kimi gətirdiyi müəyyən diskomfort durumlar da olacaqdır. Ancaq heç şübhəsiz ki, tərəzinin ağır gələn tərəfi hər zaman dövlətimizin nüfuzudur. Bu isə artıq milli məsələdir. Milli güc sadəcə kamera qarşısında əlində Azərbaycan bayrağı, ayağının altında Ermənistan bayrağı ilə poza verməklə müəyyən olunmur. Güc döyüş meydanında ordunun gücü ilə, beynəlxalq siyasi meydanda isə dövlətin diplomatik və digər strukturlarının zəkası və fəaliyyəti ilə nümayiş olunur. Azərbaycan döyüş meydanında sözünü demiş və təsdiqləmiş bir dövlətdir. Mübaliğəsiz deyə bilərik ki, dövlətimiz artıq beynəlxalq münasibətlər və diplomatiya sahəsində də güclü dövlət kimi özünü artıq çoxdan isbat etmişdir".
Elçin Ağamalı hesab edir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi növbəti dəfə ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, dünyaya təqdim olunması, planetimizi düşündürən problemlərə etinasız qalmayan məsuliyyətli bir dövlət kimi dünyaya təqdim edəcəkdir.
Süleyman










































