
“Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi Türk dünyasının gələcək inkişaf strategiyasında mühüm yer tutur. Bu baxımdan ötən həftə Qazaxıstanın Türküstan şəhərində keçirilən təşkilata üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü mühüm əhəmiyyət daşıyır”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, Türküstan zirvə görüşü Türk dövlətləri arasında inteqrasiya prosesinin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir:
“İlk növbədə onu qeyd etmək lazımdır ki, artıq zirvə görüşlərinə Şimali Kipr Türk Respublikası da ən yüksək səviyyədə dəvət alır. Hazırda təşkilatda müşahidəçi üzv olan Şimali Kiprin tezliklə TDT-nin tamhüquqlu üzvünə çevriləcəyi istisna deyil. Onu da qeyd etmək yerinə düşər ki, Şimali Kiprin təşkilatın zirvə görüşlərinə dəvət alması təşəbbüsü ilk olaraq Azərbaycan tərəfindən ortaya atılıb və Bakının bu təşəbbüsü artıq bir ənənə halına çevrilib. Bu da öz növbəsində Şimali Kiprin TDT-yə, eyni zamanda bu təşkilat vasitəsilə digər beynəlxalq təşkilat və qurumlara inteqrasiyası istiqamətində mühüm irəliləyişdir”.
Arzuman Muradlı onu da deyib ki, bu gün TDT-nin qarşısında duran vacib məsələlər iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsidir:
“Türk dövlətləri zəngin enerji resurslarına malik olduqları üçün enerji təhlükəsizliyi də TDT üçün vacib amillərdən biridir. Bu istiqamətdə əməkdaşlıq həm region ölkələrinin iqtisadi inkişafına, həm də Avrasiya enerji bazarının sabitliyinə müsbət təsir göstərə bilər”.
Arzuman Muradlı onu da deyib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində son illərdə təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində əməkdaşlıq daha da genişlənib:
“Ortaq əlifba təşəbbüsləri, tələbə mübadilə proqramları, ortaq media layihələri və mədəni tədbirlər Türk xalqları arasında yaxınlaşmanı sürətləndirir. Bu proses yalnız dövlətlərarası münasibətlərin deyil, xalqlar arasında qarşılıqlı bağlılığın da möhkəmlənməsinə xidmət edir”.
Süleyman









































