Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır


"Milli Məclisin deputatı Günay Ağamalının səsləndirdiyi "uşaq pulu valideynlərdə tənbəllik yarada bilər" fikri ölkənin müxtəlif təbəqələrində ciddi ictimai narazılıq doğurdu. Bu narazılıq dalğası və deputat Gunay Ağamalının səsləndirdiyi fikirlər əslində səbəbsiz deyil. Azərbaycan reallığında veriləcək potensial uşaq pulu valideynlərdə heç vaxt tənbəllik yarada bilməz. Bu absurd fikirdir və uşaq pulu ətrafında uydurulmuş növbəti cəfəngiyatdır".

Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Azərbaycan Konstitusiyasında 16-cı və 38-ci maddələr yer alıb:

"Doğrudur, Azərbaycan Konstitusiyasında birbaşa "Azərbaycan sosial dövlətdir" ifadəsi, Almaniya və ya bəzi Avropa ölkələri konstitusiyalarındakı kimi ayrıca yazılmasa da, Maddə-16 və Maddə-38 hökumətin sosial dövlət prinsiplərinə əsaslandığını hüquqi baxımdan təsbit edir. Bu maddələr Azərbaycan dövlətinin sosial öhdəliklərini müəyyən edən əsas konstitusion normadır və bütün vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi bu maddələrdə öz əksini tapıb. Deputat Gunay Ağamalının səsləndirdiyi sərt ritorika, əslində sosial reallıqla toqquşduğu üçün bu qədər narazılıq yaratdı. Heç kimə sirr deyil ki, Azərbaycanda yaşayış minimumu aşağıdır və vətəndaşlar həm işsizlikdən, həm də yaşayış xərclərinin baha olmasından əziyyət çəkir. Bu səbəbdən uşağın saxlama xərcləri də sürətlə artır və uşaq pulu sisteminin olmaması cəmiyyətin haqlı tələbinə çevrilib".

Çingiz Şahbazi hesab edir ki, belə bir vəziyyətdə, millət vəkili adını daşıyan bir şəxsin, eyni zamanda partiya sədrinin belə açıqlama verməsi, təəssüf doğurur:

"İnsanlarda sanki belə təəssürat yaranır ki, bu adamlar öz funksiyasını hələ də başa düşmürlər və heç olmasa daşıdıqları adın mahiyyətini anlasınlar. Millət vəkili millətin yanında olmalıdır, millətin dərd-səri ilə yaxşı mənada maraqlanmalı və bu istiqamətdə işlərini qurmalı və fəaliyyət göstərməlidir. Günay Ağamalının, Səyyad Aranın simasında xalq bunun dəfələrlə əksini gördü. Beynəlxalq təcrübədə, dünyada və xüsusilə də inkişaf etmiş və etməkdə davam edən ölkələrin demək olar ki, hamısında uşaq pulu və yaxud da ailə dəstəyi sistemi mövcuddur. Azərbaycan cəmiyyətində uşaq pulu ilə bağlı tələblər məhz Azərbaycan Konstitusiyası çərçivəsində və beynəlxalq konvensiyalara əsasən təsbit edilir və bütün uşaqlara şamil edilməlidir. Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları və normaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır. Bu şəxslər belə fikirləri ilə cəmiyyətdə dövlətə qarşı nifrət yaradırlar və hesab edirəm ki, haqlı olaraq qınaq obyektinə çevrilirlər".

Süleyman

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır
Xəbəri paylaş