
"Qardaş Türkiyənin gündəmi ana müxalifət - Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında baş verən son olaylara görə çalxalanır. Belə ki, CHP-nin 4-5 noyabr 2023 tarixli 38-ci qurultayının qərarı məhkəmə tərəfindən “mütləq etibarsızlıq” (“mutlak butlan") hesab edilərək ləğv olunub və sözügedən məhkəmə qərarı ilə 38-ci qurultayın CHP-yə sədr seçdiyi Özgür Özəl tutduğu başqanlıq postundan uzaqlaşdırılıb, onun yerinə Kemal Kılıçdaroğlu yenidən rəhbərliyə qaytarılıb".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, bu sensasiyalı hadisə bizim sosial media istifadəçiləri arasında da qızğın müzakirə mövzusuna çevrilib:
"Bəziləri bu olaydan sonra “Türkiyənin Türkmənistanlaşacağını" iddia edir, digərləri isə biraz da irəli gedərək hətta Kamal Kılıçdaroğlunu "şərəfsiz" adlandırıb təhqir də edir, onun "bu oyuna getməməli" olduğunu bildirirlər. Təbii ki, bütün bunlar emosional, duyğusal yanaşmalardır. Zənnimcə, İrana, Fələstinə görə bizə qarşı aqressiv mövqe sərgiləyən və Azərbaycanı "İsrailin yandaşı" kimi təqdim edərək ifrata varan bəzi geriçi, xurafatçı Türkiyə vətəndaşları kimi biz də Türkiyənin daxili siyasi məsələlərinə müdaxilə etməklə, AKP və ya CHP-nin "vəkil"ləri kimi çıxış etməklə ifrata varmamalıyıq".
Komitə sədri hesab edir ki, bu cür həssas və kritik məsələlərdə hər iki ölkənin vətəndaşları anlayışlı olmalı, məsuliyyətli davranmalıdırlar:
"Öz fərdi siyasi-ideoloji mövqelərimizdən ötürü iki qardaş ölkənin münasibətlərinə xələl gətirə bilən fikirlər səsləndirməməliyik. Daxili və xarici siyasətdə baş verən bütün olaylara rəğmən hər iki ölkənin istər siyasiləri, istərsə də vətəndaşları və mediası hər zaman "Bir millət, iki dövlət" anlayışından yola çıxmalı, birliyimizin və həmrəyliyimizin daha güclü olması üçün səy göstərməlidirlər. Bu baxımdan, CHP ilə bağlı məsələni də qardaş türk xalqının öz ixtiyarına buraxmalıyıq. Özgür Özəlin, Kamal Kılıçdaroğlunun və ya Rəcəb Tayyib Ərdoğanın cari siyasi gedişləri Türk dünyası üçün taleyüklü məsələ kimi təqdim edilməməlidir".
Süleyman












































