
"Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələri ilk növbədə ölkə cəmiyyətinin mühüm hissəsinin son dövrlərdə hakimiyyətin irəli sürdüyü “sülh gündəliyinə” və regional kommunikasiyaların açılması strategiyasına müəyyən dəstək verdiyini göstərir. Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə üstünlük qazanması onu deməyə əsas verir ki, Ermənistan seçicilərinin əhəmiyyətli hissəsi ölkənin təhlükəsizlik və inkişaf modelinin yenidən nəzərdən keçirilməsini zəruri hesab edir. Xüsusilə 2020-ci il müharibəsindən və sonrakı geosiyasi dəyişikliklərdən sonra Ermənistan cəmiyyətində uzunmüddətli qarşıdurma siyasətinin ölkəni regional təcrid vəziyyətinə saldığı barədə fikirlər güclənib".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Paşinyanın seçkilərdən sonra etdiyi açıqlamalar da məhz bu xəttin davam etdiriləcəyinə işarə edir:
"Onun Ermənistanın sülhə, regional əməkdaşlığa və qonşularla münasibətlərin normallaşdırılmasına sadiq qaldığını vurğulaması seçki kampaniyasında səsləndirdiyi əsas tezislərin təsdiqi kimi qiymətləndirilə bilər. Azərbaycan və Türkiyəyə ünvanlanan mesajlar da göstərir ki, İrəvan hakimiyyəti regionda yeni siyasi və iqtisadi reallıqları qəbul edən yanaşmanı davam etdirmək niyyətindədir.
Bununla belə, seçki nəticələrinin avtomatik olaraq Azərbaycanla sülh müqaviləsinin qısa müddətdə imzalanmasına gətirib çıxaracağını düşünmək doğru olmazdı. Doğrudur, Paşinyanın yenidən legitim siyasi mandat əldə etməsi onun manevr imkanlarını müəyyən qədər genişləndirir. Xüsusilə sülh sazişi ilə bağlı qərarların qəbulunda daxili siyasi legitimlik mühüm amildir. Müxalifət qüvvələri uzun müddətdir Azərbaycanla münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası prosesini tənqid edir. Seçkilərdə hakimiyyətin üstün nəticə əldə etməsi isə Paşinyana bu prosesləri davam etdirmək üçün əlavə siyasi əsas verir".
Politoloq qeyd edib ki. Ermənistan daxilində revanşist meyllərin və radikal siyasi qrupların tamamilə sıradan çıxmadığı da nəzərə alınmalıdır:
"Sülh müqaviləsinin imzalanması təkcə hökumətin iradəsindən deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesi qəbul etməsindən asılıdır. Paşinyan hökuməti sülh gündəliyini irəli apararkən daxili müqavimət amilini də hesablamaq məcburiyyətində qalacaq.
Azərbaycan baxımından isə əsas məsələ tərəflərin artıq razılaşdırdıqları sülh sazişi mətninin siyasi-hüquqi müstəviyə keçirilməsidir. Paşinyanın “indi sənədin imzalanmasına keçmək lazımdır” bəyanatı müsbət siqnal sayıla bilər. Lakin praktiki nəticələr üçün Ermənistanın Konstitusiyasında və hüquqi-siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələlərin həlli, habelə qarşılıqlı etimadın artırılması istiqamətində addımların atılması vacib olaraq qalır".
Yusif Bağırzadə qeyd edib ki, parlament seçkilərinin nəticələri Ermənistanın xarici siyasət kursunda kəskin dəyişiklik gözlənilmədiyini, əksinə, Paşinyanın normallaşma və regional inteqrasiya xəttinin davam etdirilməsi üçün yeni siyasi mandat əldə etdiyini göstərir:
"Bu isə Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün əlverişli siyasi mühit yaratsa da, prosesin sürətlənməsi yalnız seçki nəticələrindən deyil, Ermənistanın üzərlərinə götürdükləri öhdəlikləri praktik şəkildə həyata keçirməsindən asılı olacaq. Bu baxımdan seçkilər sülh yolunda mühüm siyasi impuls hesab oluna bilər, lakin yekun nəticəni müəyyənləşdirən əsas amil rəsmi İrəvanın sonrakı konkret addımları olacaq".
Süleyman












































