Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük güclərin Cənubi Qafqaz uğrunda rəqabətinin nəticəsi

Böyük güclərin Cənubi Qafqaz uğrunda rəqabətinin nəticəsi



"Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın yüksək faizlə qələbə qazanması təkcə daxili siyasi hadisə deyil, həm də böyük güclərin Cənubi Qafqaz uğrunda rəqabətinin nəticəsidir".

Newscenter.az xəbər verir ki, bunları hüquq elmləri doktoru Səftər Rəhimli deyib. O bildirib ki, seçkiqabağı dövrdə Moskvanın müxtəlif kanallar vasitəsilə Ermənistana göndərdiyi mesajlar diqqət çəkirdi:

"Rusiya rəhbərliyinin Ermənistanda rusiyapərəst qüvvələrin siyasi proseslərdə daha fəal iştirak etməsi ilə bağlı çağırışları, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanı "Ukrayna ssenarisindən yayınmağa" səsləməsi əslində regiona ünvanlanmış geosiyasi xəbərdarlıq kimi qiymətləndirilə bilərdi. Bu mesajların mahiyyəti ondan ibarət idi ki, Ermənistanın Rusiyanın təhlükəsizlik orbitindən uzaqlaşması ciddi nəticələr doğura bilər. Lakin erməni seçicisi fərqli qərar verdi və bununla da Moskvanın dəstəklədiyi siyasi xəttə deyil, Paşinyanın təmsil etdiyi kursa üstünlük verdi. Bu nəticə Rusiyanın Ermənistandakı təsir imkanlarının zəiflədiyini, Qərbin və Türkiyənin isə nisbi mövqelərinin gücləndiyini göstərir".

Səftər Rəhimli qeyd edib ki, Azərbaycan baxımından əsas məsələ şəxslər deyil, siyasi nəticələrdir:

"Paşinyanın qələbəsi sülh müqaviləsi, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiya üçün əlavə imkan yarada bilər. Eyni zamanda bu nəticə revanşist qüvvələrin hakimiyyətə gəlməsi riskini də azaldır.

Bununla belə, Ermənistanın xarici siyasətdə tam şəkildə Qərbə inteqrasiyası və ya Rusiyadan tam uzaqlaşması real görünmür. İrəvan yaxın perspektivdə balanslaşdırılmış siyasət aparmağa çalışacaq".

Səftər Rəhimli onu da vurğulayıb ki, Zəngəzur istiqamətində kommunikasiyaların açılması məsələsi isə yeni siyasi mərhələnin əsas gündəliklərindən biri olacaq:

"Bu layihə Azərbaycan üçün Naxçıvana birbaşa çıxış, Ermənistan üçün tranzit gəlirləri, Türkiyə üçün Türk dünyasına quru bağlantısı, Avropa və Asiya üçün isə yeni logistika imkanları yarada bilər.

Nəticə etibarilə, Ermənistan seçkilərinin əsas geosiyasi nəticəsi budur: regionda qarşıdurma siyasəti zəifləyir, iqtisadi və nəqliyyat əməkdaşlığı gündəliyi isə güclənir. Azərbaycan yeni şəraitdə hərbi qələbənin yaratdığı siyasi üstünlüyü uzunmüddətli regional əməkdaşlığa çevirməkdə maraqlıdır".

Süleyman
Xəbəri paylaş