
"Ermənistanda parlament seçkiləri proqnozlaşdırıldığı kimi başa çatdı. Hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası seçkilərin qalibi oldu. Seçkidə qələbəni qazanmaq mümkün olsa da, lakin onu təmin etmək Paşinyan üçün o qədər də asan başa gəlməyəcək. Çünki seçkisonrası təxribatlar, Rusiyanın ölkədaxili siyasi proseslərə müdaxiləsi kimi təhlükələr qalmaqdadır".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Ermənistanda keçirilən parlament seçkilərini şərh edərkən səsləndirib. O bildirib ki, Rusiya Ermənistanı itirməklə heç cür barışmayacaq:
"Ona görə də seçkilərin nəticələrinə etiraz edən kütlənin hakimiyyət əleyhinə mitinqləri təşkil edilə bilər. Təsadüfi deyil ki, hələ səsvermə gününə bir neçə gün qalmış Rusiyadan Ermənistana seçkisonrası təxribatlar törətmək üçün Rusiyada yaşayan erməniıərin göndərildiyi barədə xəbərlər yayılmışdı. Paytaxt İrəvan və iri şəhərlərdəki otellərdə yerləşdirilən Moskvadan təlimat alaraq fəaliyyətə keçəcəkləri nəzərdə tutulurdu. Düşünürəm ki, Rusiya maksimum dərəcədə çalışacaq ki, seçki nəticələrinə etiraz adı altında Paşinyan hakimiyyətini laxlada bilsin".
Arzuman Muradlı onu da deyib ki, seçkilərin Paşinyanın qələbəsi ilə başa çatması Azərbaycanla Ermənistan arasında sülh müqaviıəsinin imzalanması prosesini sürətləndirsə də, lakin irəli konstitusiyaya dəyişiklik kimi mühüm hadisə var:
"Təbii ki, bunun üçün də referendum keçirilməli və onun nəticələri Ermənistan parlamentində təsdiq olunmalıdır. Lakin Ermənistan parlamentində müxalifətin də müəyyən yerə sahib olması, eyni zamanda Paşinyanın partiyasında belə konstitusiya dəyişikliyinə o qədər də isti baxmayanların olduğunu nəzərə alsaq, prosesin o qədər də asan şəkildə gedəcəyinə əminlik yoxdur. Bir sözlə Paşinyan üçün hələ qarşıda bir çox maneələr var".
Süleyman












































