
Paytaxt məktəbində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Yazıçılar Birliyi, Litva Respublikasının Azərbaycandakı Səfirliyi və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Newscenter.az xəbər verir ki, tədbirdə Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus, Milli Məclisin deputatları Göydəniz Qəhrəmanov, Vasif Qafarov, Nəsib Məhəməliyev, Kamran Bayramov, Samir Vəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, tarixçi alim, dosent Boran Əziz, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, əməkdar jurnalist Qafar Əsgərzadə, əməkdar incəsənət xadimi Leyla Axundzadə, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan və Litvanın Dövlət himnlərinin səsləndirilməsi, Mikayıl Müşfiqin və digər repressiya qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Nəsib Məhəməliyev, Vasif Qafarov, Boran Əzizli, Vahab İsmayılzadə, Leyla Axundazə və məktəbin direktoru Leyla Fətiyeva repressiya illərində günahsız insanların ağır taleyindən, ziyalı və istedadlı insanlara yaradılmış məhdudiyyətlərin nəticələrindən danışıblar. Bildirilib ki, Mikayıl Müşfiq kimi görkəmli sənətkarların həyat yolu gənc nəsil üçün həm vətənpərvərlik, həm də azad düşüncənin simvoludur.
Çıxış edənlər belə tədbirlərin yalnız keçmişin acı səhifələrini xatırlatmaq deyil, eyni zamanda gələcək nəsillərə azadlığın, ədalətin və insan hüquqlarının qorunmasının vacibliyini aşılamaq baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Tədbir çərçivəsində “Sözün repressiyası” sənədli filmindən fraqmentlər və Litva repressiya qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsində şagirdlər şeirlər səsləndirib, kompozisiyalar, səhnəciklər nümayiş etdiriblər.
Ruhiyyə Mehdiyeva












































