Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətlərarası münasibətlərdə etimadın hüquqi-siyasi dəyəri

Dövlətlərarası münasibətlərdə etimadın hüquqi-siyasi dəyəri



Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri diplomatik protokol çərçivəsindən kənara çıxan mühüm siyasi-hüquqi hadisədir. Beynəlxalq münasibətlər tarixində sülh proseslərinin taleyi əksər hallarda tərəflərin bir-birinə göndərdiyi etimad siqnalları ilə müəyyənləşib. Prezident İlham Əliyevin ən yaxın siyasi komandasında xüsusi etimada malik olan Hikmət Hacıyev kimi yüksək nüfuzlu dövlət rəsmisinin bu missiyanı yerinə yetirməsi Azərbaycan dövlətinin sülh gündəliyinə formal deyil, strateji məsuliyyət prizmasından yanaşdığını göstərir. Dövlət adamının ən böyük kapitalı gücü deyil, etibarı və verdiyi sözün arxasında dayanmaq qabiliyyətidir. Məhz bu xüsusiyyətlər müasir beynəlxalq hüququn və diplomatiyanın əsas dayaqlarından hesab olunur.

Cənubi Qafqazda yeni hüquqi-siyasi nizamın formalaşması

Dilicandakı görüşü təkcə Azərbaycan-Ermənistan münasibətləri kontekstində deyil, bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik planının tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Region uzun illər geosiyasi rəqabət sahəsi olub, lakin müasir dövrün çağırışları onu əməkdaşlıq və qarşılıqlı asılılıq məkanına çevirməyi tələb edir. Bu baxımdan kommunikasiya xətlərinin açılması, o cümlədən Zəngəzur istiqamətində yaradılacaq nəqliyyat bağlantılarının dövlətlərin suveren hüquqlarına hörmət əsasında və hər hansı xüsusi xarici nəzarət mexanizmlərindən kənar fəaliyyət göstərməsi regional inteqrasiyanın mühüm elementi ola bilər. Bu proses Naxçıvanın nəqliyyat blokadasından çıxmasına, Ermənistanın regional iqtisadi layihələrə qoşulmasına və bütövlükdə regionun tranzit potensialının artmasına xidmət edə bilər.

Ermənistanda keçirilmiş seçkilərdən sonra formalaşan siyasi vəziyyət də ayrıca diqqətə layiqdir. İstənilən demokratik cəmiyyətdə seçkinin nəticəsini qəbul etmək siyasi mədəniyyətin göstəricisidir. Seçki nəticələrinin legitimliyini mübahisələndirən və regionu yenidən geosiyasi qarşıdurmaya sürükləməyə çalışan qüvvələrin mövqeyi isə nə Ermənistanın dövlət maraqlarına, nə də regionun sabitliyinə xidmət edir.

Hüquq, sülh və insan amilinə əsaslanan gələcək

Yeni dünya düzəninin əsas geosiyasi ideyası sərhədlərin dəyişdirilməsi deyil, onların qarşıdurma vasitəsindən əməkdaşlıq platformasına çevrilməsidir. Güclü dövlət anlayışı artıq yalnız hərbi və ya iqtisadi göstəricilərlə ölçülmür. Güclü dövlət ilk növbədə vətəndaşına təhlükəsizlik, rifah, hüquq və ləyaqətli həyat təmin edən dövlətdir. Əgər Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan qarşılıqlı hörmətə əsaslanan yeni regional əməkdaşlıq modelini formalaşdıra bilsələr, bu, təkcə siyasi uğur deyil, həm də tarixi humanist sivilizasiya layihəsi olacaqdır.

Yaxın gələcəkdə region dövlətləri arasındakı rəqabət daha çox silahlanmada deyil, insan kapitalının inkişafında, hüququn aliliyində, demokratiyanın keyfiyyətində, təhsildə, elmdə və vətəndaş rifahında təzahür etməlidir. Dinindən, irqindən, milliyyətindən və siyasi baxışından asılı olmayaraq insanın ali dəyər kimi qəbul edilməsi müasir dövlətçiliyin ən yüksək mərhələsidir. Dilicanda keçirilən görüşün əsl strateji mənası da məhz bundan ibarətdir: Cənubi Qafqazın gələcəyi münaqişələrdə deyil, hüquqa, etimada və insan amilinə əsaslanan davamlı sülhdədir.

Səftər Rəhimli
Xəbəri paylaş