Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

​Biz nə zamandan bəri bu qədər qəddar olduq?

​Biz nə zamandan bəri bu qədər qəddar olduq?


"Biz elə bir dövrün, elə bir keçidin uşaqları olduq ki, çətinliyi də gördük, şiddəti də, "mütləq tabe olmalısan" qanununu da. 80-ci, 90-cı illərin o sərt küçələrindən, sınaqlarından keçib böyüdük. Oxuduq, çalışdıq, ailəyə, köklərə bağlı olduq. Amma içimizdə gizli bir and içdik: "Bizim çəkdiyimizi övladlarımız çəkməyəcək." Biz onlara təkcə yemək, geyim vermədik; biz onlara Avropanın, Amerikanın heç bir psixoloqunun tam anlaya bilməyəcəyi bir Şərq fədakarlığı ilə yanaşdıq. Həm can yandırdıq, həm də onların fərdiliyinə, gəncliyinə, seçimlərinə hörmət etdik. Onları qırmadan, döymədən, sevgilə böyütmək istədik".

Newscenter.az xəbər verir ki, bunları Kəmalə Bayramova deyib. O bildirib ki, bu gün 17 yaşlı bir qönçə, gələcəyə addım atan, öz ayaqları üzərində durmağa çalışan bir can bir anın içində solur:

"Bir ana fəryad edir, bir ata ürəyinin yanğısından, çarəsizliyindən sətirlərə sığınır. O alov düşdüyü yeri yandırır, bəli, amma insan olan hər kəsin də içinə bir xal salır. Amma ən dəhşətlisi nədir, bilirsinizmi? O alovun üstünə benzinlə qaçanlar. Sosial şəbəkələrin o qaranlıq künclərində oturub, öz günahlarını, uğursuzluqlarını başqasının faciəsi üzərindən təmizləməyə çalışanlar. ​"Atası vəkil idi, evdən xəbəri yox idi...", "Vəsiqəsi yox idi, nəyinə gərəkdi...", ​"Karmadır, vaxtilə belə demişdi..." ​Nə qədər asandır, deyilmi? İsti otağında oturub, klaviatura arxasında bir atanın fəryadına hökm oxumaq. İnsanlar unudurlar ki, şəxsi həyat başqadır, iş başqa. İnsanlar unudurlar ki, bu dünyada səhvsiz, qucağı tam "beşdə beşlik" olan heç kim yoxdur. Bu gün kiminsə səhvini "karma" adlandırıb bayram edənlər, fələyin çarxının fırlandığını görməyəcək qədər kordurlar".

Kəmalə Bayramova qeyd edib ki, həyat heç kimə sığorta kağızı vermir:

"Dünyada hər gün minlərlə insan avtomobildə, təyyarədə, velosipeddə bədbəxt hadisənin qurbanı olur. Ölüm yaşa baxmır, statusa baxmır, vəzifəyə baxmır. Bizi bu gün yatağımızda yaxalayan bir infarkt, sabah küçədə qarşılaşacağımız bir qəza eyni nöqtəyə aparır. Alın yazısı dediyimiz o naməlum xətt elə bir şeydir ki, ondan heç kim dərs çıxara bilməz, onu heç kim qabaqcadan oxuya bilməz.

​Biz nə zamandan bəri bu qədər qəddar olduq? Bir uşağın ölümündə belə "bəhanə" axtaracaq, bir atanın fəryadından "dərs" istehsal edəcək qədər nə vaxt rəhmsizləşdik?
​Bu cəmiyyətin çıxarmalı olduğu yeganə dərs var: İnsan olmaq və susmağı bacarmaq.
​Həyat qısadır. Bu gün daş atdığınız o ev, sabah sizin sığınacağınız ola bilər. O toksik rəyləri yazanlar əslində o 17 yaşlı məsum qızı yox, öz daxillərindəki insanlığı dəfn edirlər".

Onun sözlərinə görə, Zəhranın vaxtsız gedişi bizə bir daha göstərdi ki, bir-birimizin yarasına duz səpmək yox, o yaraya sarğı olmaq lazımdır:

"Çünki sabah o qapı kimin üzünə döyüləcək, heç kim bilmir. Allah rəhmət eləsin. Atanın da, ananın da fəryadı qarşısında ancaq baş əymək və susmaq düşər bizə. Toksiklik edənlər isə buraxın öz zəhərlərində boğulsunlar; həyat onlara ən böyük cavabı onsuz da öz səssizliyi ilə verəcək".

NEWSCENTER.AZ
Xəbəri paylaş