
İnsan hüquqları müasir hüququn ən böyük nailiyyəti olmaqla yanaşı, onun ən böyük sınağıdır. Çünki insan hüquqlarının həqiqi dəyəri onların normativ mətnlərdə təsbit edilməsində deyil, insanın ləyaqətinin gündəlik həyatda nə dərəcədə qorunmasında ölçülür.
Newscenter.az xəbər verir ki, bunları hüquq elmləri doktoru Səftər Rəhimli deyib. Onun sözlərinə görə, hüquqi və fəlsəfi fikir tarixində insan hüquqları ideyası insanın özünüdəyər kimi qəbul edilməsinə söykənir:
"İnsan nə dövlət üçün, nə iqtisadi inkişaf üçün, nə də hər hansı ideoloji məqsəd üçün vasitə deyil. Əksinə, hüquq sisteminin özü insanın azad və ləyaqətli varlığını təmin etmək məqsədinə xidmət etməlidir. Bu səbəbdən insan hüquqları sadəcə hüquqi kateqoriya deyil, həm də sivilizasiyanın mənəvi meyarıdır".
Səftər Rəhimli qeyd edib ki. bəzən insan hüquqlarının sərhədlərinin müəyyən edilməsini onların məhdudlaşdırılması kimi təqdim edirlər:
"Halbuki hüquqi dövlət fəlsəfəsində hüququn sərhədi onun zəiflədilməsi deyil, qorunması vasitəsidir. İnsan hüquqlarının sərhədləri insan ləyaqətinin, ictimai təhlükəsizliyin, ədalətin və digər şəxslərin hüquqlarının müdafiəsinə xidmət etdiyi zaman legitim xarakter daşıyır. Hüquq və azadlıqların həqiqi mənası məhz bu balansın qorunmasında üzə çıxır.
Bu gün insan hüquqları yeni çağırışlarla üz-üzədir. Süni intellekt, rəqəmsal nəzarət texnologiyaları, şəxsi məlumatların qorunması, ekoloji təhlükəsizlik və gələcək nəsillərin maraqları insan hüquqları nəzəriyyəsinin qarşısında yeni suallar qoyur. Gələcəyin insan hüquqları gündəliyi yalnız dövlət-vətəndaş münasibətləri ilə deyil, insan-texnologiya münasibətləri ilə də müəyyən ediləcəkdir".
Onun sözlərinə görə, Azərbaycan üçün insan hüquqları məsələsi həm də tarixi ədalətin bərpası kontekstində xüsusi məna daşıyır:
"İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması uzun illər pozulmuş fundamental insan hüquqlarının bərpasına yönəlmiş mühüm hüquqi və humanitar missiyadır. Bununla yanaşı, insan hüquqlarının müdafiəsinin institusional mexanizmlərinin, hüquqi dövlət prinsiplərinin və insan hüquqları mədəniyyətinin daha da inkişaf etdirilməsi daim diqqət mərkəzində qalmalıdır.
İnsan hüquqları haqqında danışarkən əslində insan haqqında danışırıq. Hüququn gələcəyi də, dövlətin legitimliyi də, cəmiyyətin inkişafı da son nəticədə insanın ləyaqətinə verilən dəyərlə müəyyən olunur".
Süleyman











































