
İran-İsrail savaşı Livanda real döyüş əməliyyatları şəklində davam edirsə, Azərbaycanda isə hibrid müharibə formasında gedir. Son günlər həm sosial media, həm də ənənəvi media üzərindən Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Birinci Qarabağ müharibəsi şəhidi, əslən dağ yəhudisi olan tank komandiri Albert Aqarunov ilə bağlı əsassız iddiaların ortaya atılıb tirajlanması və bu prosesin həm İrandakı həm də İsraildəki ayrı-ayrı dairələr tərəfidən körüklənərək süni ajiotaj yaradılması da yuxarıda qeyd etdiyimiz hibrid müharibənin tərkib hissəsidir. Belə ki, Milli Qəhrəmanımız haqqında təhqirlər səsləndirən, cürbəcür şayiələr yayan səhifələrə və eyni zamanda həmin təhqirlərə, şayiələrə eyni aqressivliklə münasibət bildirən KİV-lərə nəzər saldıqda, bütün bu resursların Azərbaycandan kənarda "lövbər" saldıqlarının şahidi oluruq. Sözügedən təhqiramiz şayiələri yayan sosial media səhifələri bilavasitə İrandan idarə olunursa, həmin şayiələri leqal müzakirə mövzusuna çevirən KİV-lər isə ilk növbədə İsrailin media qurumları və ya yəhudi ictimai təşkilatlarıdır.
İrana bağlı səhifələr “Albert Aqarunov yalanı puç oldu” kimi "sensasiyalı" ifadələrdən istifadə edərək, onun Qarabağda döyüşdüyünə dair guya heç bir əsasın, dəlil-sübutun mövcud olmadığını iddia edir və bildirirlər ki, onu döyüşlərdə görən hərbçilər də yoxdur. Onların fərziyyəsinə görə, guya Albert Aqarunov "Qarabağ müharibəsində yəhudilər də döyüşüb" görüntüsünü yaratmaq üçün həmin məşhur videonu çəkdirib və s. Bu cür əsassız iddialar sözsüz ki, ilk növbədə Albertin qəhrəmanlığını şübhə altına almağa xidmət edir. Ancaq məqsəd tək bu deyil. Söhbət həm də ən yeni tariximizin bilərəkdən təhrif edilməsindən, müharibə həqiqətlərinin məqsədli şəkildə saxtalaşdırılmasından və dəyərlərimizə zərbə vurulmasından gedir. Şəhidlər bizim qürur yerimiz və mənəvi dəyərimizdir. Onların savaş və qəhrəmanlıq tarixçələri isə bizim ümumi Zəfər salnaməmizin önəmli parçalarıdır. Amma "azərbaycanlı" kimliyi ilə fəaliyyət göstərən İrana bağlı məlum səhifələrin Aqarunovun haqqında ortaya atdığı çirkin iftiralar isə təkcə onun deyil, bütövlükdə şəhidlərimizin Birinci və İkinci Qarabağ müharibəsindəki tarixi rolunu təftiş və inkar etməyə hesablanıb.
Eyni zamanda, bu təxribat şəhidin adının və irsinin hibrid müharibədə "ideoloji silah" kimi, "informasiya aləti" kimi istifadə edilməsi məqsədinə xidmət edir. Məsələ burasındadır ki, Albert Aqarunov bizim üçün yalnız bir şəhid tank komandiri deyil, o həm də Azərbaycanın multikulturalizm modelinin, "vətəndaşlıq birliyinin" və milli həmrəyliyə əsaslanan müasir dövlətçiliyimizin ən güclü rəmzlərindən biridir. Bu baxımdan, İran mərkəzli resursların onu hədəfə alması əsla təsadüfi deyil. Bu, ideoloji təxribatın ən aşağı, ən çirkin formasıdır. Burada uzaq hədəf təkcə Albertin xatirəsini ləkələmək deyil, həm də Azərbaycanın Qarabağ savaşındakı "hər kəsin bir yumruq kimi birləşdiyi" mənəvi uğurunu sarsıtmaq, birlik düsturunu sıradan çıxarmaqdır. Albertin adı üzərindən şəhidlərimizin qəhrəmanlığına kölgə salmaq, əslində, Azərbaycanın suverenliyini və ərazi bütövlüyü uğrunda verilən qurbanların dəyərini aşağılamaq cəhdidir.
Burada diqqəti çəkən digər önəmli məqam isə iranpərəst şəbəkələrin Albert Aqarunovun adına, irsinə qarşı başlatdığı kampaniyanı İsrail mediasının və ayrı-ayrı yəhudi təşkilatlarının da gündəmdən düşməyə qoymamasıdır. İranın Azərbaycana qarşı ideoloji və informasiya müharibəsinin bir hissəsi olan "Aqarunov təxribatı" heç şübhəsiz ki, İsraildə də geniş əks-səda doğurub. İsrailin nüfuzlu "The Jerusalem Post" qəzeti bu hadisəni İranın Azərbaycana qarşı apardığı dezinformasiya kampaniyasının tərkib hissəsi kimi işıqlandıraraq qınayıb. Ancaq çox təəssüf ki, "Jerusalem Post" bunu sosial medianın Azərbaycan seqmentində Albert Aqarunova qarşı başladılan kampaniya kimi təqdim edib. Halbuki Aqarunovun haqqında məlum iftiraları və dezinformasiyanı yayan səhifələrin Azərbaycan Respublikasına heç bir aidiyyatı yoxdur. Əksinə, bu məsələdə Azərbaycanın özü də hədəf seçilib. Bu, məhz Albert Aqarunov üzərindən Azərbaycana qarşı hiyləgər hücumdur, ideloji təxribatdır.
Təxribata İrandakı anti-Azərbaycançı dairələr tərəfindən start verilib. İsrail mediası və bəzi yəhudi blogerlər, ictimai fəallar isə İrana bağlı həmin səhifələrin, botların dezinformasiya təxribatının "tələ"sinə düşərək olayı daha da qızışdırırlar. "Tələ"yə düşən media istər-istəməz dezinformasiya dövriyyəsinə əlavə təkan vermiş olur. Nəticədə, hibrid müharibənin ən təhlükəli mexanizmini – "qarşılıqlı tətiklənmə"ni görürük. Yəni ki, İranın idarə etdiyi bot şəbəkələri belə bir təxribat planını ortaya atır. İsrailin media qurumları, blogerləri, ictimai qurumları isə buna çılğın reaksiya verərək, təxribatın miqyasını süni şəkildə böyüdür. Nəticədə, Azərbaycan hər iki tərəfin (İranın təxribatı və İsrailin səhv təhlili) arasında qalaraq, öz daxili birliyini müdafiə etməyə məcbur edilir. Bu, hər iki tərəfin informasiya məkanında Azərbaycanı öz maraqlarına uyğun "qəlib"ə salmaq cəhdidir.
Beləliklə, Azərbaycanın və Albert Aqarunovun üzərindən İran və İsrail arasında növbət hibrid müharibə dalğası vüsət alır. Və burada hər iki tərəfin konkret hədəfləri var. İran tərəfi Albert Aqarunovun adı ətrafında bu cür məkrli müzakirələrə rəvac verməklə bir tərəfdən bizi həssas yerimizdən vurmağa, Azərbaycandakı etnik müxtəlifliyi və multikulturalizmi sarsıtmağa çalışırsa, digər tərəfdən isə, Azərbaycan-İsrail münasibətlərini hədəf alır. Çünki Azərbaycan və İsrail arasındakı iqtisadi əməkdaşlıq İranın molla rejimi üçün ən arzuolunmaz gerçəklikdir. İran Azərbaycanın İsraillə strateji tərəfdaşlığını öz təhlükəsizliyinə birbaşa təhdid kimi görür və buna qarşı etnik-dini "kart"ı oynayaraq daxili sabitliyimizi sarsıtmağa çalışır. İsrail tərəfi də həmçinin Azərbaycanın İranla yaxın qonşuluq, dostluq münasibətlərinin formalaşmasında maraqlı deyil. Rəsmi Təl-Əviv Azərbaycanın müstəqil xarici siyasətində bəzən öz maraqları ilə uzlaşmayan məqamlar gördükdə və ya İranla olan regional gərginliyi fonunda, Azərbaycanı tamamilə öz blokuna inteqrasiya etməyə və İranla olan münasibətlərimizin kəsilməsinə səy göstərir. Başqa sözlə desək, tərəflərdən hər biri - həm İran, həm də İsrail Azərbaycanı yalnız öz təsir dairəsində, öz yanında görməyə can atır. Tehran və Təl-Əviv Azərbaycanın xarici siyasət kursunu öz maraqlarına uyğun dizayn etməyə, formalaşdırmağa çalışır. Lakin hər iki tərəf də unudur ki, Azərbaycan tam müstəqil, suveren dövlətdir və hər şeydən öncə öz milli maraqlarından çıxış edir. Albert Aqarunovun ətrafında qurulan xain kampaniya bizim müstəqil xarici siyasətimizi dəyişə, milli birlik və həmrəyliyimizi sarsıda bilməz.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri











































