
"Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynadakı SOCAR yanacaqdoldurma məntəqəsinə dron zərbəsindən sonra, Moskvanın Bakıdakı səfirini çağıraraq rəsmi etiraz edib. Nazirlik bəyan edib ki, SOCAR-ın digər obyektləri də əvvəllər ziyan görüb və belə halların təkrarlanması hücumların qəsdən həyata keçirildiyini göstərir. Eyni zamanda Azərbaycan səfirliyi yaxınlığına Kiyevdə, Rusiya tərəfindən raket düşməsi faktı da birinci dəfə deyil. Əlbəttə ki, Azərbaycan səfirliyi yaxınlığına düsən raket əvvəlki kimi, Rusiya tərəfindən təsadüf olaraq izah edilir. Amma, Azərbaycan obyektlərinin hədəf seçilməsi ilə bağlı rəsmi açıqlama olmasa da, Rusiya əsasən bildirir ki, zərbələr Ukraynanın enerji və hərbi infrastrukturuna yönəlib".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, Azərbaycan XİN-nin məlumatında da bildirilir ki baş verənlər təsadüfi deyil və diplomatik narahatlıq doğuran insidentdir:
"Rəsmi Bakı haqlı olaraq bu səbəbdən Rusiyaya nota verib və izahat tələb edib. Digər tərəfdən isə Moskva-Bakı münasibətlərində onsuz da mövcud olan gərginlik fonunda baş verən bu hadisələr, Rusiyanın siyasi məqsədlər üçün istifadə etməsini istisna etmir. Bunu Bakıya mesaj olaraq etməsini təsdiqləyən əsas olmasa da, baş verənlər bir mesaj xarakterli ola bilər. Çünki, bu sadəcə iki ölkə arasında mövcud gərginlik fonunda baş verdiyi üçün, təsadüfi olmadığı şübhələri artırır. Bu baxımdan nəticə çıxarmaq üçün kifayət qədər sübut olmadığını nəzərə alsaq, baş verənlər haqda Azərbaycan XİN-nin notası və digər tələbləri haqlı hesab etmək lazımdır və Rusiyanın da, "təsadüfi" deməsi üçün kifayət qədər dəlil və sübutu yoxdur".
Çingiz Şahbazinin qənaətincə, fakt isə ondan ibarətdir ki, Azərbaycan obyektlərinin ardıcıl olaraq zərər görməsi, baş verən hadisələrin adi texniki insident kimi qəbul edilmədiyini göstərir:
"Bu baxımdan hesab etmək olar ki, Rusiya tərəfi baş verənləri görməzdən gəlməməlidir və məsələyə ciddi yanaşaraq izahat verməlidir".
Süleyman












































