
Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasındakı münasibətlər sadəcə coğrafi yaxınlığa və ya anlıq maraqlara deyil, qarşılıqlı hörmətə, etibarlılığa və gələcəyə yönəlmiş böyük bir vizyona əsaslanır. Bu əlaqələr hər iki tərəf üçün strateji əhəmiyyət kəsb etməklə yanaşı, həm də regionun sabitliyinə xidmət edən səmimi bir dialoq modelidir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iyulun 1-də Bakıda səfərdə olub və Azərbaycan Prezidenti ilə mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Ölkə başçısı cənab İlham Əliyev çıxışı zamanı qey etmişdir ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və ölkəmizin ümumi xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilir. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas iqtisadi tərəfdaşıdır və region üzrə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi məhz Azərbaycanın payına düşür. Prezident İlham Əliyev, həmçinin enerji sahəsində əməkdaşlığın geniş müzakirə edildiyini bildirərək, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin dörd il əvvəl Azərbaycana etdiyi səfərin bugünkü strateji tərəfdaşlığın formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulamışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışında Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin regionun gələcək inkişafı üçün əsas şərtlərdən biri olduğunu xüsusi qeyd etmişdir. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistan ilə münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və konstruktiv addımlar atır. Qeyd olunmuşdur ki, regionda sabitliyin bərqərar olması nəqliyyat əlaqələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə, yeni investisiya imkanlarının yaranmasına və beynəlxalq layihələrin daha səmərəli icrasına əlverişli zəmin yaradacaqdır. Prezident İlham Əliyev bildirmişdir ki, möhkəm sülhün təmin olunması təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına xidmət edəcək, regionun strateji əhəmiyyətini daha da artıracaq və gələcəkdə əməkdaşlığın miqyasının əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verəcəkdir.
Nəticə etibarilə deyə bilərik ki, Prezident doğma Partiyamızın Sədri Cənab İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında keçirilən görüş Azərbaycan–Avropa Komissiyası münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı səsləndirilən fikirlər və əldə olunan razılaşmalar enerji, ticarət, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığın gələcək inkişafı üçün yeni perspektivlər açacaqdır.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































