Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Məkkə Sazişi" digər müsəlman ölkələri üçün də stimul olacaq

"Məkkə Sazişi" digər müsəlman ölkələri üçün də stimul olacaq


Kifayət qədər diqqət cəlb etməsə də, dünən İslam dünyasında tarixi anlar yaşandı. Söhbət Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın "Məkkə Sazişi" adı altında formalaşdırdığı hərbi blokdan gedir. İlk dəfə olaraq region ölkələri daxili imkanlar hesabına öz təhlükəsizlik çətirini formalaşdırmağa çalışır və hesab edirəm ki, bu faktor özlüyündə eyni dam altında, din daxili parçalanmanın artdığı bir vaxtda inqilabi xarakterli bir məsələdir.

Təbii ki, hər bir hərbi-siyasi yaxınlaşma mütləq şəkildə ciddi bir zərurətdən qaynaqlanır və Yaxın Şərqdəki təhlükəsizlik balansının ciddi şəkildə pozulması bunun başlıca faktorudur.

Məsələyə ayrı-ayrılıqda nəzər keçirməzdən əvvəl bu yaxınlaşmanın xarakteristikasın qeyd etməkdə fayda var. Türkiyənin ciddi səviyyəyə çatmış hərbi sənayesi, Pakistanın nüvə potensialı və Səudiyyənin çarxı döndürəcək olan maliyyə potensialı yeni bir güc bloku formalaşdırmaq üçün lazım olan bazanı artıqlaması ilə qarşılayır.
Keçək detallara:

1. Səudiyyə Ərəbistanı ərəb dünyasının iqtisadi baxımından lokomotivi hesab olunsa da, maliyyə gücünü eyni qaydada hərbi təhlükəsizlik məsələlərinə transformasiya edə bilmir. Riyad höküməti bu problemin öhtəsindən uzun müddət qərb dövlətləri, xüsusilə, Birləşmiş Ştatlardan dəyəri milyardlarla dollar təşkil edən silah - sursat almaqla gəlməyə çalışdı. Lakin Husilər və ən son olaraq İranın zərbələri obrazlı şəkildə desək puldan qurulmuş qalanı ciddi şəkildə sarsıtdı. Və bir reallıqda aydın oldu ki, ABŞ məhz ərəblərin pulu ilə əslində İsraili müdafiə edən bir mexanizm formalaşdırıbmış. Belə olduğu təqdirdə, Səudiyyə Ərəbistanının ciddi şəkildə təhlükəsizlik qayğıları ortaya çıxmağa başladı və reallıq ondan ibarətdir ki, Pakistanla anoloji mexanizmə oxşar bağlanan razılaşma özü belə bu məsələni kökündən həll etmir. Geriyə Türkiyə kimi həm gücü, həmdə siyasi hökmü olan bir güclə yaxınlaşmaq qalır ki, burada ikili arasında uzun zamandır mövcud olan fikir ayrılıqlarının həllində İslamabadın da rolu danılmazdır. Bununla Səudiyyə Ərəbistanı həm İran, həm İsrail, həm də, İsrail - BƏƏ yaxınlaşmasına qarşı balans formalaşdırmağı hədəfləyir.

2. Mövcud dinamika Türkiyə üçün də geniş fürsətlər pəncərəsin açır. Ankara nəhayət uzun müddətdir hədəflədiyi nöqtəyə, yəni, İslam dünyasına liderlik etməyə hesablanmış siyasi mövqeyə bir addım da yaxınlaşır. Təbii ki, Ankaranın ambisiyaları qarşısında ən böyük əngəllərdən biri maliyyə çatışmazlığıdır ki, Səudiyyə krallığının iqtisadi potensialı Ankaraya bir növ təkan verəcək. Artıq Türkiyənin bir neçə strateji əhəmiyyətli hərbi proqramlarına Riyadın daxil edilməsi gündəmdədir. Əslində düşünürəm ki, Ankara öz seçimini etdi. Belə bir müdafiə paktı ilk növbədə TDT çərçivəsində imzalanmalı idi. Lakin Türkiyənin siyasəti milliyətçilikdən daha çox dini istiqaməti ön planda qərarlaşdırdı. Ankara üçlü blokla regionda həm İsrail, həm də İran qarşısında ciddi bir fərq yaratmağı hədəfləyir.

3. Məsələnin Pakistan qanadı isə milli maraqların ortaq maraqlara transformasiyasından qaynaqlanır. İslamabadın kifayət qədər inkişaf etmiş hərbi sənayesi mövcuddur. Nüvə gücüdür və ciddi ballistik raket potensialı var. Lakin Türkiyə kimi yenilikçi, Səudiyyə qədər isə iqtisadi imkanları yoxdur. Eyni zamanda, Pakistan üçün əzəli rəqibi Hindistan qarşısında balans formalaşdırmaq lazımdır. Düzdür bu məsələdə Çin faktoru mövcuddur. Ancaq düşünürəm ki, İslamabad tamamilə Çindən aslı olmağında tərafdarı deyil.
Nəticə etibarilə, davamlı xarakter alacağı təqdirdə "Məkkə Sazişi" digər müsəlman ölkələri üçün də bir stimul olacaq. Növbəti etabda fikrimcə Qətər, İndoneziya, Misir, Malayziya kimi dövlətlər sözügedən bloka qoşulmaq istəyəcəklər.

Pərviz Mirizadə, siyasi şərhçi
Xəbəri paylaş