
Zəngəzur dəhlizinin (TRIPP layihəsi) son günlər İranın molla rejiminin rəsmilərinin bəyanatlarında yenidən əsas yer tutması onu göstərir ki, bu məsələ onların nəzərində sadəcə infrastruktur və ya nəqliyyat xətti deyil. Mollalar hesab edirlər ki, burada söhbət regionda güc balansının dəyişməsindən, sərhəd təhlükəsizliyinin aktuallaşmasından və böyük dövlətlərin təsir dairəsinin yenidən müəyyənləşdirilməsindən gedir. Bütün bunlar sözsüz ki, İran tərəfini ciddi şəkildə narahat edir. Çünki Tehran bu layihəni sadəcə iqtisadi bağlantı kimi deyil, özünün şimal sərhədlərinə yaxınlaşan yeni geosiyasi mövcudluq kimi oxuyur.
SEPAH generalı Rəhim Səfəvinin açıqlamaları da ilk növbədə məhz bu baxış bucağından dəyərləndirilməlidir. Onun əsas mesajı ondan ibarətdir ki, Ermənistan ərazisində gerçəkləşdiriləcək TRIPP layihəsinin təhlükəsizliyinə görə məsuliyyət ABŞ silahlı qüvvələrinin üzərinə qoyularsa, İran cavab tədbirləri görmək və müvafiq addımlar atmaq hüququnu özündə saxlayır. Başqa sözlə desək, ABŞ və İsrailin molla rejimini tam və qəti şəkildə məğlubiyyətə uğratmaq planının iflasa uğramasından sonra ürəklənən və özünü az qala regionun "ağa"sı hesab etməyə başlayan İran, hal-hazırda Hörmüz boğazını ABŞ üçün ciddi baş ağrısına çevirməklə kifayətlənməyərək, Cənubi Qafqaza da qarmaq atmağa və Birləşmiş Ştatların TRIPP marşrutunda iştirakını əngəlləməyə çalışır. Bunu R.Səfəvinin sözügedən açıqlamasından da görmək mümkündür: "Əgər biz Fars körfəzində ABŞ-ın mövcudluğuna qarşı çıxırıqsa, onda niyə onların Cənubi Qafqazda mövcudluğunu dəstəkləməliyik? Biz regionu və sərhədlərimizin təhlükəsizliyini vahid bir bütöv kimi nəzərdən keçiririk. Buna görə də bu layihə hazırkı formatında İran üçün təhlükə yaradır".
İranın Qafandakı baş konsulu Morteza Abedin də Rəhim Səfəvinin "xor"una qoşularaq molla rejiminin həmişəki "qırmızı xətt" nağılını yenidən xatırlatmağa təşəbbüs göstərib: "Ermənistanda qırmızı xətlərimiz keçilərsə, biz cavab verəcəyik! İranın Ermənistanla bağlı "qırmızı xətləri" dəyişməyib və dəyişməyəcək. Bu xətləri kimin keçməyə çalışmasının, qonşu dövlət və ya uzaq ölkə olmasının fərqi yoxdur və İran buna müvafiq cavab verəcək. Ermənistanın digər ölkələr üçün "nümayiş obyektinə" çevrilməsinə icazə verilməməlidir. Təəssüf ki, bunun nümunələrini bəzi digər ölkələrdə görürük; bəzi ölkələr pis niyyətləri üçün ağır bədəl ödəyirlər. Hesab edirəm ki, Ermənistan dövləti və xalqı bu məsələdə lazımi ehtiyatlılıq göstərib, lakin həmişə ehtiyatlı olmaq lazımdır".
Bu cür açıq təhdid xarakterli hegemon açıqlamalar bir tərəfdən onu göstərir ki, molla rejiminin başı ABŞ-ın dağıdıcı zərbələrindən biraz ayazıyan kimi, yenə "qırmızı xətt"ləri yadlarına düşüb. Digər tərəfdən isə, burada əsas diqqətçəkən məqamlardan biri də odur ki, bu gün tərəflər eyni layihədən danışsalar da, onu tamamilə fərqli dillərdə təsvir və təqdim edirlər. Belə ki, Ermənistan üçün TRIPP iqtisadi əlaqə, nəqliyyat axını və bölgədə sülhün möhkəmlənməsi vasitəsidir. İran üçün isə bu, ilk növbədə ABŞ-ın sərhədyanı mövcudluğunu genişləndirə biləcək təhlükəli mexanizm kimi görünür. Bu baxımdan, Rəhim Səfəvinin və Morteza Abedinin mövcud ritorikası da daha çox qabaqlayıcı siyasi xəbərdarlıq kimi görünür. Yəni Tehran indidən bölgədə geosiyasi sərhəd ("qırmızı xətt") çəkir və qarşı tərəflərə bildirir ki, müəyyən həddi keçən hər hansı model qəbul edilməyəcək. Bu, hazırkı mərhələdə hərbi eskalasiyadan daha çox diplomatik təzyiq və çəkindirici mesaj xarakteri daşıyır.
Amma Tehran gələcəkdə daha da azğınlaşaraq diplomatik etirazla və siyasi bəyanatlarla kifayətlənməyə bilər. Yəni ki, molla rejimi TRIPP layihəsinin icrasına mane olmaq üçün hətta hərbi gücdən də istifadə etməyə çalışa bilər. Bu isə o deməkdir ki, İran TRIPP layihəsini qəsdən nəqliyyat layihəsi, sırf iqtisadi layihə, logistik bağlantı müstəvisindən çıxararaq, onu siyasiləşdirməyə, regional nüfuz vasitəsinə və böyük güclər arasındakı rəqabətin bir hissəsinə çevirməyə çalışır. Ancaq molla rejimi yuxularını və reallıqları qatıb-qarışdırır. Zəngəzur dəhlizinin gerçəkləşməsi molla rejiminin iradəsindən asılı deyil. Ona görə də Zəngəzur dəhlizinin gələcək taleyinə mollaların eynəyi ilə deyil, İlham Əliyevin gözüylə baxmaq lazımdır. Prezident İlham Əliyev bugünlərdə Naxçıvan bölgəsinə səfəri zamanı həm muxtar respublikanın daha geniş regional bağlantıların mühüm halqası kimi nəzərdə tutulduğunu vurğulayaraq bəyan etdi ki, Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək, həm də birmənalı şəkildə bildirdi ki, Zəngəzur dəhlizi mütləq inşa ediləcək. Çünki Zəngəzur dəhlizinin açılması zamanın tələbidir. Mollaların Zəngəzur dəhlizinə qarşı çıxması Don Kixotun yel dəyirmanı ilə mənasız savaşına bənzəyir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri













































