
Pakistanla gərginliyin artması məsələsi oktyabrın 5-də keçiriləcək Əfqanıstan üzrə Moskva formatlı məsləhətləşmələr zamanı müzakirə olunacaq. Bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.
"Əlbəttə ki, bu məsələ mütləq qaldırılacaq və biz hər iki münaqişə tərəfini ağlabatan kompromislərə gətirmək üçün Moskva platformasından istifadə etməkdən məmnun olarıq", - deyə o, " İzvestiya"ya bildirib .
Kabulov qeyd edib ki, görüşdə Əfqanıstanı xarici işlər naziri Əmir Xan Müttəqi təmsil edəcək. O əlavə edib ki, "Pakistanı Əfqanıstan üzrə xüsusi nümayəndə, Pakistanın Kabildəki səfiri və xarici siyasət məsələləri ilə məşğul olan bir neçə digər yüksək vəzifəli şəxs təmsil edəcək".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl səkkizinci görüşün oktyabrın 5-də Moskvada keçiriləcəyini açıqlamışdı . Görüş Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan və Rusiyadan xüsusi nümayəndələr və yüksək vəzifəli şəxslər səviyyəsində keçiriləcək. Belarus və Misirdən nümayəndə heyətləri qonaq qismində dəvət olunub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirakçılara salamlama nitqi söyləyəcək.











































