Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın dirçəlişin, quruculuğun və qayıdışın ünvanına çevrilib

Laçın dirçəlişin, quruculuğun və qayıdışın ünvanına çevrilib


Qədim və zəngin tarixə malik Laçın rayonunun işğaldan tamamilə azad edilməsindən 4 il keçir. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfər 30 illik işğala son qoymaqla ərazilərimizi azadlığa qovuşdurdu. Hər bir şəhər və rayon kimi, Laçın rayonunun da işğaldan azad edilməsi Azərbaycanın təkcə hərbi deyil, həm də diplomatik uğuru idi. Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin dəmir yumruğu və diplomatik məharəti ilə Ermənistan kapitulyasiya aktına imza atmaqla 2020-ci il dekabrın 1-də Laçın rayonunu boşaltmalı oldu. Bundan əvvəl isə, noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, Laçın tamamilə Azərbaycanın nəzarətinə keçdi.

Laçın şəhərində Azərbaycan bayrağının dalğalanması və şəhərin yenidən həyat qazanması xalqımız üçün xüsusi mənəvi əhəmiyyət kəsb etdi. Laçın şəhərinin azad olunması təkcə hərbi və siyasi hadisə deyil, həm də tarixi ədalətin bərpası idi. Uzun illər doğma şəhərinə qayıtmaq arzusu ilə yaşayan laçınlıların həsrətinə son qoyuldu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur.

Laçın Şəhər Günü həm də şəhidlərimizin əziz xatirəsinin yad edildiyi gündür. Məhz onların fədakarlığı sayəsində bu gün Azərbaycan bayrağı ölkəmizin bütün şəhər və rayonlarında qürurla dalğalanır. Laçının azadlığı Azərbaycan xalqının birlik və həmrəyliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin nəticəsidir.

26 Avqust tarixinin gənc nəslə çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Gənclərimiz Laçının tarixini, işğal dövründə yaşanan faciələri, azadlıq uğrunda mübarizəni və Böyük Qayıdış prosesini dərindən bilməlidirlər.

Artıq işğal dövrünü geridə qoyan Laçın, bu gün yenidən qurulur, abadlaşdırılır və müasir Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Laçının timsalında da aydın görünür. Yeni yolların, yaşayış komplekslərinin, sosial obyektlərin, məktəblərin və digər infrastrukturun yaradılması Qarabağ və Şərqi Zəngəzura yeni həyatın qayıtdığını göstərir. İşğaldan azad olunmuş hər bir şəhər və rayon kimi Laçında həyata keçirilən quruculuq-abadlıq işlərinin də birbaşa Cənab Prezident İlham Əliyevin ciddi nəzarəti altında həyata keçirilməsi infrastruktur layihələrinin həm keyfiyyətini, həm də əhatə dairəsini genişləndirmiş olur. Ötən illər ərzində Prezident İlham Əliyevin Laçın rayonuna bir neçə dəfə səfər etməsi ilə Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin, Laçın Beynəlxalq Hava Limanının açılışı olub, bir sıra mühüm infrastruktur layihələrinin təməli qoyulub.

Laçın bu gün Böyük Qayıdış proqramının uğurla icra edildiyi ünvanlarından biridir. Doğma torpaqlarına qayıdan laçınlılar burada yeni həyat qurur, şəhərin inkişafına öz töhfələrini verirlər. Bununla da Laçının küçələri, evləri və sosial həyatı yenidən canlanır.

Bu gün Laçın sözün həqiqi mənasında dirçəlişin, quruculuğun və qayıdışın rəmzi, ünvanı kimi tanınır. Şəhərin yenidən qurulması və insanların öz dogma yurdlarına qayıtması Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük inkişaf strategiyasının əyani sübutudur.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı
Xəbəri paylaş