
“ABŞ–İran münaqişəsinin tezliklə həlli, yaxud qarşıdurmanın tammiqyaslı quru müharibəsinə çevrilməsi mümkün görünmür. Hesab edirəm ki, tərəflər bir-birinə zərbə vurmaq və iqtisadi sferada təzyiq göstərmək vasitələrindən daha çox istifadə edəcəklər. Son günlər qarşılıqlı zərbələr yenidən intensivləşməsi belə deməyə əsas verir”.
Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı deyib. O bildirib ki, ən ehtimal olunan ssenari iqtisadi təzyiq vasitəsidir:
“ABŞ İranı hərbi və iqtisadi cəhətdən sıxmağa çalışır. İran da öz növbəsində Hörmüz boğazını bağlamaqla əks təsir göstərmək imkanındadır. Çünki Hörmüz boğazı İranın ən güclü iqtisadi rıçaqlarından biri buradır. Paralel olaraq həyata keçirilən qarşılıqlı zərbələr qarşıdurmanın regional iqtisadi böhrana çevrilməsi riskini kəskin artırır. Artıq Brent markalı neftin barrel qiyməti 100 dollar səviyyəsini keçib və Körfəzdən neft ixracının müharibədən əvvəlki həcmdən xeyli aşağı qaldığı bildirilir. Bu vəziyyət uzanarsa, enerji qiymətləri, daşınma xərcləri və inflyasiya üzərində təzyiq davam edəcək”.
Arzuman Muradlı qeyd edib ki, ən təhlükəli ssenari müharibənin regiona yayılmasıdır:
“İranın ABŞ qüvvələrinə və Körfəz ölkələrinə zərbələri, həmçinin İranla əlaqəli husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları münaqişənin coğrafiyasını genişləndirə bilər. Xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt, İraq və İordaniya daha çox risk altında qalır. Eyni zamanda İran bizim yaxın qonşumuz olduğu üçün münaqişənin regional səviyyəyə keçməsi Azərbaycan üçün də ciddi təhlükələr vəd edir. Azərbaycan baxımından ən mühüm məsələ müharibənin regional nəqliyyat/enerji marşrutlarına təsiridir. Birbaşa Azərbaycan ərazisinin müharibəyə cəlb olunması mümkün görünməsə də, amma İranın şimalı, Xəzər, Naxçıvan və Azərbaycan–İran sərhədi ilə bağlı təhlükələr ola bilər. Ən azında müharibənin genişlənməsi Azərbaycan üçün humanitar problem yarada bilər. İranda yaşayan 40 milyona yaxın soydaşımızın müharibənin təsirindən xilas olmaq üçün pənah aparacağı ölkələr sırasında ən öndə gələni Azərbaycan ola bilər”.
Süleyman









































