
"ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoffun və Cared Kuşnerin Moskva və Kiyev səfəri nəticəsiz yekunlaşdı. Bu səfər də sülh yaratmaq yolunda Donald Trampın növbəti real nəticəsi olmayan təşəbbüs kimi tarixə düşdü. Bununla belə Kiyevdə ABŞ-ın müharibə ilə bağlı əhval ruhiyyəsinin nədən ibarət olduğu mötəbər nümayəndələr tərəfindən bir daha sərgilənmiş oldu. Donald Tramp müharibənin tez bir zamanda durdurulmasının və Rusiya ilə münasibətlərin istiləşməsinin tərəfdarı olduğunu gizlətmir və bu fikri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da səsləndirib".
Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, məsələnin kökündə Trampın sülh elçisi kimi təqdimatı dayanmır:
"ABŞ adminstrasiyasının Rusiyanı müharibədən çıxartmaq istəyi bu ölkənin dünyada tək qütblü güc mərkəzinin yaradılması yolundakı maraqları üçün lazımdır. Hazırki ABŞ administrasiyasının təhlükəsizlik konsepsiyası Avropa Birliyinin təhlükəsizlik konsepsiyası ilə üst-üstə düşmür. Avropa Birliyi Rusiyanı öz təhlükəsizliyi üçün əsas təhdid kimi qəbul etsə də ABŞ əsas təhlükə mənbəyi kimi Çini görür. Məhz bu səbəbdən ABŞ-ın xarici siyasətdəki əsas diplomatik və hərbi addımları bu və ya digər şəkildə Çinlə bağlıdır. Çinin Rusiyanın Sibir torpaqlarına olan marağını nəzərə alan ABŞ iki ölkə arasındakı ziddiyyətləri prioritetə çevirərək münasibətlərdə soyuqluq yaratmaqla Pekinə qarşı Rusiya ilə birgə mübarizə aparmaq niyyətindədir. ABŞ da Çin-Rusiya tondemnə qarşı mübarizənin ciddi nəticələr verməyəcəyini yaxşı başa düşürlər. Məhz buna görə də ABŞ Rusiyanı Çinə qarşı mübarizədə qarşısında deyil, yanında görmək istəyir. Hazırda ABŞ maraqlarının öncüllüyü baxımından Ukraynada Çinə uduzur. Rusiyada da bunu anlayır və danışıqlar prosesi zamanı fürsətə çevirirlər".
Elçin Ağamalı qeyd edib ki, Avropa Birliyinin və Böyük Britaniyanın münaqişəyə münasibəti ABŞ-dan ciddi şəkildə fərqləndiyi üçün müharibənin sonlandırılması hazırki mərhələdə onlar üçün məqbul qəbul edilmir:
"Bu ölkələr sözdə Ukraynanın suverenliyinin və ərazi bütövlüyünü müdafiə etsələr də, əslində zəif Rusiya və bufer zonası kimi güclü Ukrayna üçün çalışırlar.
Hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının başlanması perspektivinə gəldikdə isə düşünürəm ki, Rusiya Donetsk və Luqansk vilayətlərinin ilhaqını yekunlaşdırmayana qədər hərbi əməliyyatları dayandırmayacaqdlr. Müharibə artıq hər iki tərəf üçün üzücü və yorucu xarakter alıb. Hərbi əməliyyatların dayandırılmasının və hansı şərtlər altında sülh danışıqlarının aparılması ölkələrin resurslarının müharibəyə nə qədər dayana bilməsindən asılı olacaqdır. Eyni zamanda Avropada millətçi əhval ruhiyyənin artmasının siyasi rəqabətdə önə çıxması da Ukrayna üçün həyacan siqnalıdır. Hərbi qarşıdurmanın uzanması perspektivində Ukrayna Avropadakı əsas partnyorlarının dəstəyindən məhrum olmaq riski ilə qarşılaşa bilər".
Süleyman









































