
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birlikdə qrant müsabiqəsi elan edir.
Newscenter.az xəbər verir ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il sentyabrın 10-da başlanacaq. Müraciət üçün son tarix 2026-cı il oktyabrın 1-idir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan olunacaq.
Qrant məbləğlərinin yuxarı həddi:
• Kiçik qrant müsabiqəsi üzrə yuxarı hədd – 30000 manat,
• Böyük qrant müsabiqəsi üzrə qrant məbləğinin aşağı həddi 30000 manat, yuxarı həddi 100000 manat.
Müsabiqələr aşağıdakı mövzuları əhatə edir:
Rəqəmsal transformasiya, innovasiya və süni intellekt əsaslı təşəbbüslər
(süni intellekt, innovasiya, startap, kibertəhlükəsizlik və yeni texnologiyalara dair təşəbbüslərə üstünlük verilir);
Regionlarda, kənd və ucqar ərazilərdə yaşayan gənclərin inkişaf imkanlarının genişləndirilməsi, onların sosial fəallığının artırılması
(Həssas sosial qruplara aid, əlilliyi olan və digər xüsusi dəstəyə ehtiyacı olan gənclərin sosial inklüzivliyinin və ictimai fəallığının artırılmasına dair təşəbbüslərə üstünlük verilir);
Gənclər arasında sağlam həyat tərzinin, fiziki fəallığın və idmanın təşviqi, zərərli vərdişlərin, riskli davranışların qarşısının alınması, ictimai davranış mədəniyyətinin inkişaf etdirilməsi
(gənclərin vətənpərvərlik ruhunda mənəvi-əxlaqi tərbiyəsinə, sağlamlığının qorunmasına və fiziki inkişafına, narkotik, siqaret, ekran aludəçiliyi, erkən nikah, məişət zorakılığı, insan alveri ilə mübarizəyə, ictimai davranış mədəniyyətinin inkişafına dair təşəbbüslərə üstünlük verilir);
Gənclər arasında könüllülük fəaliyyətinin, məşğulluq, sahibkarlıq, karyera planlaşdırılması və peşə bacarıqlarının inkişafı, gənc peşəkarların tanıdılması
(İşğaldan azad edilmiş ərazilərdə gənclərin təşəbbüslərinin dəstəklənməsinə üstünlük verilir);
Gənclərin davamlı inkişaf, ekoloji məsuliyyət və iqlim fəaliyyəti təşəbbüsləri
(Gənclərin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində iştirakının təşviqinə, ətraf mühitin mühafizəsinə, biomüxtəlifliyin qorunmasına, təbii ehtiyatlardan səmərəli istifadəyə, yaşıl inkişafın təşviqinə, iqlim dəyişmələri və ekoloji məsuliyyət sahəsində maarifləndirməyə dair təşəbbüslərə üstünlük verilir);
Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş
(şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə, gənc nəslin milli ruhda tərbiyəsinə dair təşəbbüslərə üstünlük verilir).
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq, müsabiqə üçün tələb olunan sənədlər:
• layihə təklifi;
• layihənin icra planı;
• layihənin xərclər smetası;
• layihənin büdcəsinin maliyyə əsaslandırılması;
• QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
• Kiçik qrant müsabiqəsi üzrə QHT-nin son 3 (üç) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 (on) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd
• Böyük qrant müsabiqəsi üzrə QHT-nin son 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 (otuz) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
• Nizamnamə məqsədlərində gənclərlə bağlı fəaliyyət istiqaməti olmayan QHT-lərin layihələri;
• 2026-cı il üzrə AR Gənclər və İdman Nazirliyinin qrant müsabiqələrinin qalibləri olan QHT-lərin layihələri.
Texniki tələblər:
• QHT-lər layihə təkliflərini QHT Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı il sentyabrın 10-dan oktyabrın 1-dək QHT Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);
• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.
Süleyman









































