
"Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlar beynəlxalq birlik tərəfindən sürətlə qəbul edilməkdədir. Bunun ən bariz göstəricilərindən biri Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirlərinin, diplomatik missiya rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi xarakter alan kütləvi səfərlədir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov deyib. O bildirib ki, azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işləri, ağıllı şəhər və ağıllı kənd layihələri, beynəlxalq statuslu hava limanlarının inşası birbaşa olaraq dünya diplomatiyasının diqqət mərkəzindədir:
"Lakin bu müsbət beynəlxalq dinamika Ermənistandakı revanşist qüvvələr və erməni diasporu tərəfindən ciddi siyasi isteriya və aqressiya ilə qarşılanır. Xarici diplomatların bu səfərləri revanşistlərin illərdir qurduğu saxta narrativləri darmadağın edərək, onları növbəti diplomatik fiasko ilə üz-üzə qoyur.Xarici ölkə səfirlərinin Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın və Kəlbəcərə səfər etməsi Ermənistan daxilindəki radikal-millətçi müxalifət, hərbi xunta qalıqları və bəzi kilsə dairələri tərəfindən beynəlxalq xəyanət kimi qiymətləndirilir. Erməni revanşist qüvvələrinin bu reaksiyaları bir neçə əsas istiqamətdə özünü büruzə verir. İlk növbədə, Ermənistan daxilindəki radikal qruplar xarici dövlətlərin İrəvandakı və Bakıdakı nümayəndəliklərinə təzyiq göstərməyə, bu səfərlərdən imtina etməyə çağırırdılar. Lakin dünyanın aparıcı güclərinin, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin səfirlərinin Qarabağa getməsi revanşistlərin beynəlxalq təcrid cəhdlərini sıfıra endirdi".
Deputat qeyd edib ki, diplomatların Azərbaycanın icazəsi və təşkilatçılığı ilə bu ərazilərə səfər etməsi beynəlxalq birliyin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz tanımasının əyani sübutudur:
"Revanşistlər yaxşı anlayırlar ki, bu vizitlər keçmiş münaqişənin və status iddialarının birdəfəlik tarixə gömüldüyünü nümayiş etdirir. Eyni zamanda, erməni propaqandası onilliklər ərzində bu əraziləri saxta tarixlə təqdim etməyə çalışırdı. Xarici diplomatların Qarabağda dağıdılmış mədəni-tarixi abidələri, tamamilə yerlə-yeksan edilmiş şəhərləri öz gözləri ilə görməsi Ermənistanın işğalçılıq və vandalizm siyasətini ifşa etdi".
Süleyman










































