
İkinci Dünya müharibəsindən sonra dünyada bərqərar olan sülhün ömrü uzun sürmədi. Qısa müddət sonra keçmiş və zorən müttəfiqlərin yolu ayrıldı və dünya iki sistem arasında gedən rəqabətin nəticəsi olaraq yeni konfliktlərin meydana gəlməsinə şahidlik etdi. Rəqabət aparan siyasi sistemlərdən birinin çökməsi belə mövcud konfliktlərin sayını və intensivliyini azaltmadı, əksinə yeni münaqişə ocaqlarının yaranmasına səbəb oldu. Dünyada sülhün bərqərar olmasına məsul edilmi beynəlxalq təşkilat - Birləşmiş Millətlər Təşkilatı 90-cı illərin sonuna qədər münaqişələrin həllində müəyyən rol oynasa və ya oynamağa çalışsa da son 30 ildə proseslərin arxası ilə sürünən və sadəcə müşahidə edən bir qruma çevrildi.
Son 30 ildə mövcud olan ənənəvi konfliktlərin sırasına yeni münaqişə ocaqları da əlavə olunmuşdur ki, bunlar da ayrı-ayrılıqda muxtar münaqişə mənbəyi kimi görünsə də əslində qlobal qarşıdurmanın tərkib hissələridir. Müasir qarşıdurmaların həllini çətinləşdirən amillərdən biri də iştirakçı aktorların sayının artnası və keyfiyyətinin dəyişməsidir. Fransa kimi böyük aktorların təsir dairəsinin və təsir mexanizmi imkanlarının azalmasının əksinə olaraq regional güc mərkəzlərinin təsir imkanları xeyli güclənmişdir. Dünyada artıq super güc anlayışı ilə bərabər orta güc anlayışı da formalaşmışdır və bu ölkələrin regional geosiyasi proseslərə təsir imkanları getdikcə daha çox artmaqdadır.
"İkinci Dünya müharibəsindən sonra mövcud olan dövlətlərarası konfliktlərin iştirakçı dövlətlərdən birinin gücü hesabına tam həlli ilə bağlı təcrübə sadəcə Ermənistan-Azərbaycan münaqişəsidir. Doğrudur Yuqaslaviyanın dağılması ilə Balkanlarda başlayan və ciddi qarşıdurmaya səbəb olan münaqişə tarixi baxımdan qısa vaxtda həll olunmuşdur. Ancaq bu münaqişənin həllində BMT və NATO-da daxil olmaqla dünyanın əsas siyasi və hərbi təşkilatları tərəf və sülh yaradıcı qüvvə kimi iştirak etmişdir. Münaqişənin həll olunmasına baxmayaraq yaxın tarixi keçmiş bu gün də bəzi Balkan ölkələrinin daxili siyasətində manipulyasiya mənbəyi olaraq qalmaqdadır. Serbiyanın timsalında bəzi ölkələr konfliktin ədalətsiz həllini düşünür və mövcud reallıqların dəyişdirilməsi ümidlərini itirmirlər".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı səsləndirib. O bildirib ki, Ermənistan-Azərbaycan konflikti geri dönüşü olmayan və öz ədalətli həllini tam şəkildə tapmış yeganə dövlətlərarası münaqişədir:
"Münaqişənin həllini unikal edən onun haqsızlığa, işğala məruz qalan dövlət tərəfindən, öz gücünə həll edilməsidir. Belə hallarda adətən məğlub olan tərəf durumdan narazı qalır və mövcud reallığın gələcəkdə dəyişdirilməsi siyasi xəttini götürür və bunu daxili siyasət alətinə çevirir. Bizim durumumuzda isə bunun tam əksi olan siyasi proseslər gedir. Səbəb isə çox sadədir. İlk növbədə Ermənistanda mövcud reallıqlarla barışılmayacağı və məğlub tərəf kimi öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə ölkəni gözləyən məhvedici nəticələri yaxşı anlayırlar. Təsadüfi deyil ki, Azərbaycana məxsus Kərki kəndi ilə bağlı Ermənistanda gedən müzakirələrə Baş Nazir Nikol Paşinyanın cavabı sərt oldu " Kərki Ermənistan ərazisi deyil və bu kəndin Ermənistan ərazisi kimi tanınması dövlətimiz üçün ağır nəticələrə səbəb ola bilər". Digər vacib amil Azərbaycanın formalaşdırmış olduğu beynəlxalq siyasi mühit nəticəsində Ermənistanı illərdir işğalda ona kömək edən və status kvonun saxlamağa dəstək verən böyük dövlətlərin dəstəyindən məhrum olmasıdır".
Elçin Ağamalı qeyd edib ki, Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı hüquqi zəminin yaradılması və real işlərin başlaması məhz bu reallıqların sayəsində mümkün olmuşdur. Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişə faktiki olaraq həll olunsa da sülhün rəsmiləşməsi üçün mövcud olan yeganə maneə də tam şəkildə ortadan qaldırılmalıdır:
"Azərbaycanın Ermənistana yönəlik siyasəti nəticəsində bu maneənin ortadan qalxması da artıq zaman məsələsidir. Ermənistanda hər keçən gün daha aydın şəkildə anlayırlar ki, Azərbaycanla sülh və mehriban birgəyaşayış bu ölkəyə tam suverenlik və təhlükəsizlik qarantiyası gətirəcəkdir. Əks təqdirdə ölkənin gələcəyinə dair hər zaman xarici təhdidlər üçün şərtlər formalaşacaqdır. Bu baxımdan növbəti ildə Ermənistan Konstitusiyasına dəyişikliyin və ölkələrimiz arasında sülh sazişinin bağlanmasının şəhidliyini edəcəyimiz qənaətindəyəm. Beynəlxaq münasibətlərə və dövlət quruculuğuna unikal yanaşma sayəsində dünyada gedən çətin və dəyişkən proseslər tamamilə dövlətimizin maraqlarının qorunması və inkişafı yönündə inkişaf edir".
Süleyman












































