
Türkiyə müdafiə sənayesi Bakıda keçiriləcək ADEX 2026 sərgisində 61 şirkətlə təmsil olunacaq.
Newscenter.az xəbər verir ki, Türkiyə ADEX tarixində ən geniş milli pavilyonla sərgidə iştirak edəcək. Pavilyonda “Aselsan”, “TUSAŞ”, “Baykar”, “Havelsan” və digər aparıcı şirkətlər məhsul və texnologiyalarını nümayiş etdirəcək.
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün bildirib ki, bu iştirak ölkənin müdafiə və aviasiya sənayesinin inkişafının göstəricisidir.
ADEX 2026 çərçivəsində Türk Dövlətləri Təşkilatının müdafiə sənayesi qurumları rəhbərlərinin ikinci toplantısı da keçiriləcək. Toplantıda Türk dövlətləri arasında müdafiə sənayesi sahəsində birgə istehsal və əməkdaşlıq imkanları müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi əməkdaşlığı istehsal, texnologiya transferi və mühəndislik sahələrində genişlənir. Azərbaycanda Türkiyə şirkətlərinin iştirakı ilə altı birgə müəssisə fəaliyyət göstərir.












































