Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub


Oktyabrın 6-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (RƏT) Baş katibi xanım Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə rəqəmsal transformasiya və innovasiyaların maliyyələşdirilməsi məsələləri müzakirə edilib. Milli rəqəmsal prioritetlərin maliyyələşdirilməsi, dövlət investisiyalarının səmərəliliyinin artırılması, innovativ maliyyələşdirmə mexanizmləri, eləcə də rəqəmsal infrastruktur və innovasiya sahələrində investisiya tərəfdaşlıqlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Sahil Babayev rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal iqtisadiyyatların inkişafı və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində RƏT-nin rolunu yüksək qiymətləndirib. Azərbaycanın RƏT-ə üzvlüyünün təsdiq edilməsi ilə bağlı qərarın məmnunluqla qarşılandığını bildirən nazir RƏT ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

S.Babayev bildirib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin rəqəmsal transformasiya gündəliyinin əsas istiqamətlərini müəyyən edir və süni intellekt, innovasiya, kibertəhlükəsizlik və digər prioritet sahələri əhatə edir. Nazir qeyd edib ki, rəqəmsal inkişaf məsələləri ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə yaradılmış Rəqəmsal İnkişaf Şurası rəqəmsal inkişafın əsas istiqamətləri üzrə dövlət siyasətinin formalaşdırılması və əlaqələndirilməsini, müvafiq tədbirlərin icrasının koordinasiyasını və bu sahədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin edir.

Görüşdə, həmçinin dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib. Bildirilib ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) büdcə idarəçiliyi, xəzinədarlıq, mühasibat uçotu, dövlət satınalmaları və dövlət əmlakının idarə edilməsi üzrə proseslərin vahid rəqəmsal mühitdə inteqrasiyasına, onların daha səmərəli, çevik və operativ şəkildə həyata keçirilməsinə imkan yaradır.

Eyni zamanda, dövlət maliyyəsinin idarə edilməsində süni intellekt texnologiyalarının tətbiqi imkanlarına toxunan S.Babayev RDMİS çərçivəsində süni intellekt texnologiyalarına əsaslanan həllərin hazırlanmasına başlanıldığını bildirib. Qeyd olunub ki, gələcəkdə bu texnologiyalardan maliyyə təhlili, risklərin müəyyənləşdirilməsi, proqnozlaşdırma, anomaliyaların aşkarlanması və qərarların qəbulunun dəstəklənməsi məqsədilə istifadə üçün geniş imkanlar mövcuddur.

Öz növbəsində, xanım Dima Əl-Yahya rəqəmsal transformasiya və dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. O, RƏT çərçivəsində rəqəmsal inkişaf, süni intellekt, innovasiya və investisiya tərəfdaşlıqları üzrə Azərbaycanla təcrübə mübadiləsinin və praktiki əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı, həmçinin xəzinə sisteminin modernləşdirilməsi, rəqəmsal transformasiya layihələrinin maliyyələşdirilməsi və investisiya imkanları müzakirə olunub. Bu istiqamətdə dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə yanaşı, özəl kapitalın və beynəlxalq maliyyə institutlarının maliyyə resurslarının səfərbər edilməsinin, habelə rəqəmsal infrastruktur və innovasiya layihələrinə investisiyaların təşviqinin mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

Süleyman
Xəbəri paylaş