
Oktyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.
Newscenter.az xəbər verir ki, komitə sədri Arzu Nağıyev gündəliyə iki məsələnin daxil edildiyini bildirərək, hər iki qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.
Birinci məsələ - "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən komitə sədri qeyd edib ki, sənəd pensiya təminatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
İkinci məsələ - Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatda vurğulanıb ki, dəyişikliklərdə xüsusi xidmət orqanlarında xidmət keçən şəxslərin təminat məsələlərinin, habelə yeni xidmət yerinə köçmə xərclərinin ödənilməsi qaydalarının təkmilləşdirilməsi təklif olunub.
İclasda müzakirəyə çıxarılan qanun layihələri ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə komitə sədrinin müavini Qüdrət Həsənquliyev, üzvləri Kamal Cəfərov, Erkin Qədirli, Rizvan Nəbiyev, Gülşən Paşayeva, Səbinə Salmanova, Samir Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman












































