
"Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi. Azərbaycan xalqının tarixində 2020-ci il böyük dönüş nöqtəsi kimi yadda qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə qazanılan Şanlı Zəfər uzun illər davam edən işğala son qoydu, xalqımızın tarixi ədalətə olan inamını daha da gücləndirdi".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Vəfa Qasımova deyib. O bildirib ki, qazanılan Zəfər bizim üçün son deyil, qarşıda duran mühüm məqsədlərə aparan yeni mərhələnin başlanğıcı idi:
"Zəfərdən sonra əsas fəaliyyətimiz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına, ölkəmizin bütün ərazilərində dövlət hakimiyyətinin təmin olunmasına istiqamətləndi.
Bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazilərimizdə bərpa olundu. Bununla da Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açıldı".
Vəfa Qasımova qeyd edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır:
"İşğaldan azad edilmiş torpaqlarımıza həyat qayıdır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Qurulan yeni yaşayış məntəqələri, məktəblər, yollar və digər infrastruktur layihələri Böyük Qayıdışın real nəticələridir.
Şanlı Zəfərdən tam suverenliyə qədər keçilən yol Azərbaycanın gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan qalib, öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, gələcəyə inamla addımlayan qüdrətli dövlətdir".
Anar












































