Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük amalları cılız hisslərə qurban verməklə düşmənin dəyirmanına su tökmək olmaz

Böyük amalları cılız hisslərə qurban verməklə düşmənin dəyirmanına su tökmək olmaz


Azərbaycan Türkiyə münasibətləri tarixin ən ağır sınaqlarından üzü ağ çıxmış, təbii strateji müttəfiqliyə, qardaşlıq və bir millət, iki dövlət prinsipinə əsaslanır. 1918 -ci ildə Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını erməni bolşevik qüvvələrindən azad etməsini, 44 günlük müharibədə Türkiyənin verdiyi siyasi mənəvi dəstəyi unutmaq olmaz. Qardaş Türkiyənin necə deyərlər barmağına tikan batsa o ağrını Azərbaycan da hiss edir, dərhal yanında olur. 2023-cü il fevralın 6-da Türkiyənin 11 vilayətini sarsıdan zəlzələ zamanı hər bir azərbaycanlının ürəyi,dəstəyi qardaşlarımızla idi.Türkiyənin zəlzələdən yıxılmış bir şəhərini Azərbaycan inşa etdi.Qardaşlığımız gerçək və əbədidir. Araya su salmaq istəyənlərin həvəsləri qursaqlarında qalacaq. Münasibətlərimizin səviyyəsini tarixi Şuşa müqaviləsi aydın şəkildə göstərir.

Newscenter.az-ın xəbərinə görə, bu barədə danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, bütün bunlarla yanaşı, bəzi beynəlxalq platformalarda fərqli mövqelərdən çıxış etməyimiz normaldır. Onun sözlərinə görə, hər bir ailədə olduğu kimi, hər bir dövlətin də öz maraqlarının olması təbiidir. Heç bir halda bu, ölkələrimiz arasında formalaşmış münasibətlərə xələl gətirə bilməz.

Deputat bildirib ki, BMT Baş Assambleyasında İsrailin baş naziri Netanyahunun çıxışı zamanı nümayəndə heyətimizdən bir nəfərin zalı tərk etməməsini şişirtmək, televiziya kanalları və sosial şəbəkələr vasitəsilə kəskin ittihamlar səsləndirmək doğru deyil.Heç bir cəmiyyət monolit deyil. Onun sözlərinə görə, cəmiyyət varsa, müxtəlif fikirlərin, siyasi, dini və ideoloji baxışların da olması normaldır. Türkiyə ilə Azərbaycanın münasibətlərinin korlanmasını istəyən kifayət qədər daxili və xarici düşmənin, fürsətcil qüvvələrin olduğunu nəzərə almaq lazımdır. Azərbaycan Türkiyə qardaşlığı əbədidir, dönməzdir və genetik yaddaşımızdır. Onun sözlərinə görə, dövlət başçılarımız ən yüksək səviyyədə dostluq edir və dövlət maraqlarımızı effektiv şəkildə qoruyurlar.Dövlətlərarası münasibətlər sosial şəbəkələr üzərindən qurulmur.Beynəlxalq müstəvilərdə Türkiyənin olmadığı yerdə Azərbaycan var, Azərbaycanın olmadığı yerdə isə Türkiyə var.

Nəsib Məhəməliyev deyib ki, son hadisələrin fonunda mətbuatda və sosial şəbəkələrdə gedən müzakirələrin dərinləşməsinə və düşmənçiliyə çevrilməsinə imkan verilməməlidir.

Deputat hesab edir ki, istər Türkiyə, istərsə də Azərbaycan vətəndaşları siyasi proseslərə münasibət bildirərkən olduqca məsuliyyətli olmalıdırlar. Millət vəkili bildirib ki, böyük amalları cılız hisslərə qurban verməklə düşmənin dəyirmanına su tökmək olmaz.
Xəbəri paylaş