Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Cənubi Qafqazda baş verən siyasi, hərbi proseslərin gedişinin onun zərərinə getmədiyinə əmin olmaq istəyir

Rusiya Cənubi Qafqazda baş verən siyasi, hərbi proseslərin gedişinin onun zərərinə getmədiyinə əmin olmaq istəyir


"Dövlət başçılarının səfərləri ölkələr arasında münasibətlərin inkişafına müstəsna dərəcədə müsbət təsir göstərir. İlham Əliyevin Rusiya Federasiyasına səfərini də Azərbaycan-Rusiya əlaqələrinin inkişaf dinamikası və istiqaməti ilə bağlı müəyyənedici faktor adlandıra bilərik".

Bu fikirləri Newscenter.az-a politoloq Mütəllim Rəhimli Azərbaycan Prezidentinin Rusiya səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, bu səfər həm də Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına görə təşəkkür mahiyyətində edilmiş bir gedişdir:

"Təbii ki, bununla bağlı prezidentlərin pərdəarxası müzakirələri ictimaiyyət üçün qaranlıq olaraq qalacaq. Amma onu da qeyd etmək lazımdır ki, indiki vaxtda Rusiyaya etibarlı müttəfiqlər lazımdır və o bunu indi və xüsusilə, gələcəkdə də qiymətləndirməyə hazırdır. Bu baxımdan Rusiya Cənubi Qafqazda baş verən siyasi, hərbi proseslərin gedişinin onun zərərinə getmədiyinə əmin olmaq istəyir. Üstəlik, çoxsaylı dövlətlər və regional ittifaqlar tərəfindən sanksiyalara məruz qalan Rusiya üzləşdiyi problemlərdən də çıxış yolları axtarmaqdadır".

Politoloqun qənaətincə, Prezident İlham Əliyevin səfərində bu məsələlər də müzakirə predmeti olub:

"İki ölkə arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılması barədə səsləndirilən fikirlər də bunu təsdiq edir. Dünyada kəskin qütbləşmənin dərinləşdiyi prosesdə gələcək münaqişə ocaqları, xüsusilə, Yaxın Şərq və Asiyada baş verə biləcək gərginliklər zamanı taktiki addımların da müzakirə predmeti olduğuna inanıram".

Süleyman
Xəbəri paylaş