Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan təhsil işçiləri 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, İdarənin müdir müavinləri, məktəb direktorları, direktor müavinləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova müqəddəs peşə sahibləri olan müəllimləri təbrik edib, xalqın gələcəyi üçün layiqli vətəndaş, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək işində göstərdikləri fədakarlığa görə minnətdarlığını bildirib.
İdarə müdiri müəllim nüfuzunun artırılması, nüfuzlu təhsilverənlərin formalaşdırılması istiqamətində dövlətin təhsil siyasətinə uyğun olaraq məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən N.Hüseynova müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
BŞTİ-nin müdir müavini Anar Məmmədov işə qəbul çərçivəsində aparılan şəffaf seçimlər, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində müəllimliyin rəqabətli peşəyə çevrildiyini, müəllim peşəsinə marağın artdığını diqqətə çatdırıb. A.Məmmədov ölkəmizin intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərən təhsilverənlərə gələcək işlərində uğurlar arzulayıb.
Mərasimdə çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, cəmiyyətin, millətin, ümumilikdə Azərbaycanın gələcək inkişafı üçün layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.
Daha sonra pedaqoji fəaliyyətində səmərəli xidmətlərinə görə, həmçinin 2024-cü ildə yubileyi olan məktəb direktorlarına, direktor müavinlərinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Ruhiyyə Mehdiyeva