Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dronların əhəmiyyətinə dair sonuncu nümunə Suriya

Dronların əhəmiyyətinə dair sonuncu nümunə Suriya


Pilotsuz uçuş apartlarının müasir müharibələrdə rolu artıb. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsi zamanı pilotsuz uçuş aparatlarından geniş şəkildə istifadə etdi. Azərbaycan ordusu sürətlə irəliləyərkən, dronlar da separatçılara zərbələr endirirdi. İnternetdə indiyənə qədər həmin görüntüləri izləmək olar. Əgər birinci Qarabağ müharibəsi zamanı yeni formalaşan Azərbaycan ordusu erməni separatçılarının mövqelərini öyrənmək üçün təmas xəttinin o biri tərəfinə kəşfiyyatçıları göndərirdisə və bunun böyük riskləri var idisə, İkinci Qarabağ müharibəsi zamanı kəşfiyyat məlumatlarını toplamaq məqsədilə dronlar istifadə edilməyə başlanıldı. Azərbaycanın təcrübəsi müxtəlif ölkələrin hərbi qurumlarında öyrənilir.

Rusiya-Ukrayna müharibəsində də dronlardan geniş şəkildə istifadə olunur. Milyonlarla dollar qiyməti olan tankları və zirehli texnikanı daha ucuz qiymətə hazırlanan dronlar vasitəsilə məhv etmək mümkündür. Hazırda Rusiyanın Ukraynaya və Ukraynanın Rusiyaya endirdiyi zərbələrin mütləq əksəriyyəti dronlar vasitəsilə həyata keçirilir. Eyni anda havaya yüzlərlə dron qaldılır, onların əksəriyyəti hava müdafiə sistemləri vasitəsilə neytrallaşdırılsa da, hədəfə dəyənlər də az deyil. Müharibə yeni başlayanda Rusiyanın keyfiyyətli dronları olmadığından Kreml İrana müraciət etdi. Bundan sonra İran texnologiyaları əsasında Rusiya ərazisində dron istehsal edən zavod fəaliyyətə başladı. Ukraynanın özü də müharibənin ilk günlərində dronları Türkiyədən alırdı. Həmin dronlar yüksək keyfiyyətə malik olduğunu İkinci Qarabağ müharibəsində sübut etmişdi. Müharibənin üçüncü ilində Ukrayna müxtəlif modifikasiyalı dronlar istehsal edir.

Dronların əhəmiyyətinə dair sonuncu nümunə Suriyadır. Silahlı müxalifət uzun müddət İdlib şəhərinə sığınmışdı. Əsəd ordusu Rusiya və İranın dəstəyi ilə silahlı müxalifətin daha geniş əraziləri nəzarətə götürməsinə imkan vermirdi. “Heyet Tahrir eş-Şam” (HTŞ) qruplaşmasının sürətlə irəliləməsində Rusiya, İran və “Hizbullah”ın obyektiv səbəblərdən Əsədə dəstəklərinin zəiflməsinin rolu oldu. Ancaq müşahidəçilər HTŞ-nin Hələbi ələ keçirməsində pilotsuz uçuş aparatlarından istifadənin də rolunun olduğunu bildirirlər. HTŞ havaya qaldırdığı dronlar vasitəsilə Əsəd qoşunlarının Hələb şəhəri və ətrafındakı mövqelərin zəiflədiyini müşahidə edib və məhz bundan sonra hücum qərarı veriblər.

Dronlar yalnız müharibələrdə istifadə olunmur. Müxtəlif dövlətlər başqa dövlətlərin sirlərini öyrənmək üçün də dronlardan istifadə edir. Çin vətəndaşının ABŞ-ın Kaliforniya ştatında yerləşən hərbi bazası üzərinə dron qaldırdığına dair məhkəmə işi bu gün də davam edir. 39 yaşlı Çin vətəndaşı ABŞ-ın San-Fransisko şəhərindən ölkəsinə qayırdarkən hava limanında həbs olunub. Çinlinin çantasından dron vasitəsilə hərbi bazaya aid şəkillər və görüntülər aşkarlanıb. Həmin hərbi bazadan İlon Maska məxsus raketlərin kosmik üçuşları da həyata keçirilir. Ötən il isə ABŞ səmasında Çinə məxsus kəşfiyyatçı şarlar aşkar edilmişdi. Bu hadisə böyük qalmaqala səbəb olmuş, ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə əvvəlcədən razılaşdırdığı görüşü təxirə salmışdı. Bu səbəblərdən bir sıra ölkə pilotsuz uçuş aparatlarının satışlarının qanunvericiliklə tənzimlənməsinə çalışır.

Elxan Şahinoğlu, politoloq
Xəbəri paylaş