Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətin maraqlarını və millətimizin həmrəyliyini düşünmək daha yaxşı olardı

Dövlətin maraqlarını və millətimizin həmrəyliyini düşünmək daha yaxşı olardı


Bu ağır günlərdə dövlətimizin və millətimizin yanında olduğumuzu bəyan edirik. Bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayırıq.
Bu, siyasi partiyaların 25 dekabr tarixində baş verən bədbəxt hadisə ilə bağlı bəyanatında ifadə etdiyi bir fikir idi. Siyasi partiyalar dövlətçilik mövqeyi ilə çıxış etdilər və bu həmrəylik nümayişi idi. Eyni zamanda, vətəndaşlarımıza çağırış idi. Bu, siyasi dəstək nümunəsi idi və mən bunu yüksək qiymətləndirirəm. Bu mövqeyə görə 24 siyasi partiyaya təşəkkürümü bildirirəm. O partiyaların arasında şəxsi münasibətlər sisteminə görə fərqləndirdiyim partiya sədrləri olsa da, bu mövqe partiyanın mövqeyidir. Dövlət maraqlarını hər şeydən üstün tutan siyasi təşkilatlar mütləq dəyərləndirilməlidir.

Siyasi partiyaların bəzilərinin ifadə etdikləri fikirlər açıq ünvanına çatmayıb, çünki bu prosesdən, bu həmrəylikdən, bu siyasi ləyaqət nümunəsindən iki partiya kənarda qaldı: Müsavat və AXCP. Müsavat həmişəki kimi öz siyasi oyunlarının və maraqlarının təmin edilməsi üçün, habelə indiyə qədər davam etdirdiyi siyasi kursun təsirinə düşən müəyyən insanları tamamilə itirməsi səbəbindən bu bəyanata qoşulmadı. Amma ətrafında olan insanlar bu prosesdə spekulyativ hərəkətlərə o qədər də meyilli olmadılar. İsa bəy hazırda partiyanın başqanıdır. 2020-ci ildən başqan olmayan dövrdə dövlətin qazandığı uğurlara, az da olsa, sevinclərini bölüşdürdüyünü bir neçə çıxışında hiss etmişəm. Hər halda, təyyarə qəzasına görə öz oyununu yox, dövlətin maraqlarını və millətimizin həmrəyliyini düşünmək daha yaxşı olardı.

Digər siyasi partiya AXCP-dir. O partiyanın sədri Əli bəy yenə öz ampulasında oldu. Bütün ətrafı, millətimizin belə ağır günündə, hər zamankı kimi dövlətin və dövləti idarə edən hakimiyyətin üzərinə günah yıxmağa cəhd etdilər.
Bu siyasi mövqenin kimə lazım olduğu çox maraqlıdır. Müstəqil fəaliyyət göstərən siyasi təşkilatlar belə məqamlarda xalqının və dövlətinin yanında olar, həmçinin xalqın dəstəyini lazımi məqamda hiss edərlər. Lakin bu, müstəqil siyasətin prinsiplərinin məntiqi davranışı deyil. Deməli, burada idarə olunan tərəfdən diqtə olunan mövqenin nümayişi var. Olsun, onsuz da Vətən müharibəsində bunun şahidi olmuşduq.

Ondan sonra, 2022-ci il hadisələrində nümayiş etdirilən mövqe. “Haqlı ola-ola haqsız duruma düşdük” ifadəsi. Ümumiyyətlə, tamamilə Fransanın mövqeyi ilə üst-üstə düşdü, nə də antiterror əməliyyatlarında dövlətin və xalqının yanında olacaq bir mövqe ortaya qoya bilmədi. Bu, idarəetmə və söz sahibliyinin əllərindən çıxdığını göstərir. Amma bu mövqelər dəyərli xalqımız tərəfindən diqqətlə izlənilir və qiymətləndirilir.

Hörmətli soydaşlarımızın diqqətindən yayınmadı ki, o vaxt Xankəndi necə oldu? Ağdərə necə oldu? Xocalı necə oldu? Və digər torpaqlarımızın taleyi necə olacaq deyə soruşanlar, əslində, həmin torpaqları istəmək üçün yox, sadəcə, hakimiyyətin, konkret olaraq İlham Əliyevin və Azərbaycan Ordusunun, o cümlədən komandanlığın və şərəfli məmurların gördüyü işləri kiçiltməyə və gözdən salmağa cəhd etmək üçün bu sualları səsləndirirdilər. Əgər belə olmasaydı, ərazi bütövlüyümüz bərpa ediləndə həmin şəxslər dönə-dönə İlham Əliyevdən üzr istəməli idilər. Bunun üçün siyasi mədəniyyət, cəsarət və hər şeydən öncə vətən üçün azad və hür bir düşüncə sahibi olmaq lazım idi.
Dəyərli millətim, biz bunun şahidi olmadıq. Siyasət yalnız manipulyasiya və spekulyasiya deyil, siyasət ilk növbədə dövlətçilik nümunəsidir. İlham Əliyevin siyasəti isə dövlətçilik, dövlətə sədaqət, xalqına hörmət, dövlətin təməl prinsiplərini qorumaq, müstəqil siyasi kursu həyata keçirmək, milli ideologiyanı və vətənpərvərliyi aşılamaq, həmrəyliyi möhkəmləndirmək, hər şeyin vətən üçün olduğunu göstərmək, diplomatiyanı inkişaf etdirmək və ordunu müasir dövrün tələblərinə uyğun yetişdirmək məqsədi daşıyır. Azərbaycanın azad və bütöv bir gələcək üçün nəsillərə ötürülməsi məhz bu siyasətin əsas istiqamətidir.

Bax, bu, Ali Baş Komandanın siyasi və milli strateji konsepsiyasıdır. Sizin konsepsiyanız isə spekulyasiya etmək, hər cəhdlə xalqımızın uğurlarına kölgə salmağa çalışmaqdan ibarətdir. Yeri gəlmişkən, “cəhd” sözündən çox istifadə etdim, çünki illərdir yalnız bu cəhdlər ətrafında fırlanırlar. Qoy fırlansınlar! Mən isə qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycanın Prezidenti cənab İlham Əliyevi, Azərbaycan Ordusunu, komandanın şərəfli məmurlarını, bu millətin qəlbində istiqlal çırağı yandıran şəhid ailələrini və qazilərimizi səmimi qəlbdən təbrik edirəm.
Biz birlikdə güclüyük və bu gücü qoruyub, gələcək nəsillərə daha möhkəm, daha sərrast, daha ləyaqətli şəkildə çatdırmaq hamımızın borcudur. Dəyərli soydaşlarım, bu yolda hamınıza uğurlar arzu edirəm.

Allah şəhidlərimizə rəhmət etsin! Ruhlarınızın qarşısında baş əyirəm.

Əziz qazi qardaşlarım, Allah şəfanızı daimi etsin. Qarşınızda baş əyirəm!

Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Xəbəri paylaş