Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Gürcüstan arasında münasibətlər bütün sahələrdə inkişaf edir

Azərbaycan və Gürcüstan arasında münasibətlər bütün sahələrdə inkişaf edir


Həm Azərbaycan, həm də Gürcüstan xalqı əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu dostluq və qonşuluq ənənələri bu gün davam edərək ölkələr arasında bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz eyni zamanda strateji tərəfdaşlıq səviyyəsinə də yüksəlmişdir. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir.

Sirr deyil ki, bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Uğurlu iqtisadi siyasət və sərmayələrin cəlb edilməsi həmçinin Azərbaycan investorlarını da Gürcüstana sərmayələrini qoymağa həvəsləndirmişdir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze əbəs yerə Azərbaycana səfər etməmişdir. Bu səfərin həm Gürcüstan, həm də Azərbaycan üçün xüsusi əhəmiyyəti vardır. Belə ki, iki ölkə arasında mövcud olan enerji sahəsində əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Ölkələr arasında birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və ildən-ilə bu ixracı daha da artırır. Gürcüstanın özünün istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə Azərbaycanın qaz ixrac coğrafiyası daha da genişlənəcəkdir.

Bundan başqa, ölkələrimiz Orta Dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bu layihə də böyük coğrafiyanı əhatə edən bir layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Həmçinin həm Gürcüstanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi və rəqəmsallaşdırılması layihəsi icra edilir ki, bu layihələrin də uğurlu nəticələri yaxın gələcəkdə özünü göstərəcəkdir. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr həm kitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, həm də qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri təkcə ölkələrin iqtisadi inkişafında deyil, həmçinin hökumətlərarası siyası əlaqələrin də inkişafında özünü göstərir. Belə ki, ölkələrimizin ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Məlumdur ki, Prezident İlham Əliyev 2015-ci ildən bu günə kimi Gürcüstana 1 dövlət, 1 rəsmi, 9 işgüzar səfər etmiş, həmçinin Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 (1 rəsmi, 1 işgüzar) səfərlər etmişdir.

Bundan başqa, bu cür rəsmi və işgüzar görüşlər ölkələrin baş nazirləri və xarici işlər nazirlikləri səviyyəsində də həyata keçirilmiş, ölkələrarası mühüm siyasi və iqtisadi məsələlərin həlli istiqamətində müzakirələr edilmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, iki ölkə rəsmiləri arasında baş tutan səfərlər və görüşlərin nəticəsində ümumilikdə 123 sənəd imzalanmışdır.

Qeyd olunan bütün bu əlaqələr Azərbaycan və Gürcüstan ölkələri arasında mövcud olan dostluq, qonşuluq, habelə, siyasi, iqtsadi və digər münasəbətlərin hər zaman mövcud olduğunu ehtiva edir və gələcəkdə bu uğurlu münasibətlər daha da möhkəmlənəcək və başqa sahələr də də özünü göstərəcəkdir.

Pərvanə Vəliyeva, Milli Məclisin deputatı


Xəbəri paylaş